İstirahət mərkəzlərindəki fantastik qiymətlər insanları başqa ölkəyə getməyə məcbur edir İstirahət mərkəzlərindəki fantastik qiymətlər insanları başqa ölkəyə getməyə məcbur edir

Dincəlməyə qərib ölkə?

İstirahət mərkəzlərindəki fantastik qiymətlər insanları başqa ölkəyə getməyə məcbur edir



Artıq yay mövsümü sona çatmaq üzrədir. İmkanı və vaxtı olanlar bu fəsildə müxtəlif məkanlarda dincəldilər. Bəs imkanı olmayanlar nə etdilər? Bir çoxları hesab edir ki, Azərbaycanda olan saysız-hesabsız istirahət mərkəzlərinin, turizm zonalarının qiymətləri elə həddədir ki, orada yalnız imkanlı şəxslər dincələ bilər. Əmək haqqı ilə dolanan insanlar isə ya istirahətə getmir, ya da ən yaxşı halda qonşu ölkələrə üz tuturlar. AzNews.az-ın əməkdaşı kimin harda və necə dincəlməsi barədə müxtəlif sahələrin adamlarının fikirlərini öyrənib:
Psixoloq Elnur Bayramov: "Biz istirahət etmirik. İstirahət etdiyimiz yerdə də problemlərimizlə, qayğılarımızla məşğul oluruq. İstirahət edən şəxs qayğıdan uzaq olmalıdır, amma biz mobil telefonumuzu da özümüzlə aparır, söndürmür, orada da işlərimizlə məşğul oluruq. Bu isə tam istirahət deyil". Elnur Bayramov özü isə, istirahət üçün adətən Gəncə, Xanlar bölgələrinə üstünlük verir. Ancaq bildirir ki, Azərbaycandakı istirahət mərkəzlərinin qiymətləri digər ölkələrlə nisbətdə çox bahadır.

Hüquq müdafiəçisi Sədaqət Paşayeva: "Biz demək olar ki, çox az istirahət edirik. Bildiyiniz kimi, hüquq müdafiəsi ilə məşğul olduğumuzdan həmişə çoxlu sayda şikayətlər olur. İstirahət vaxtım çox məhduddur. Ancaq rayon, kənd yerlərini çox sevirəm, təbiətin qoynuna üstünlük verirəm. Vaxtım və imkanım olarsa, istirahətimi elə yerlərdə keçirmək istərdim".

Kulturoloq, yazar Aydın Xan Əbilov: "Hər il olduğu kimi, bu yay aylarında da çalışıram ki, həm özümün, həm də ailəmin yay tətilini səmərəli keçirim. Həmişə bununla bağlı xüsusi proqram hazırlayıram. Ancaq Azərbaycanda daxili turizmlə bağlı infrastrukturlar yaradılsa da, qiymətlər müştərilərin ürəyincə deyil. Turizm Nazirliyi tərəfindən bununla bağlı dəfələrlə müraciət olunub ki, qiymətlər aşağı salınsın. Ancaq təəssüflər olsun ki, Azərbaycanda qiymətlər əhalinin vəziyyətinə görə həddindən artıq yüksəkdir. Bu qiymətlərə görə də, Azərbaycan vətəndaşlarına daxili turizm sərf etmir. Bu baxımdan istirahət etməyə imkanı çatanlar da Yaxın Şərq ölkələrinə, Türkiyəyə üz tuturlar. Əslində, bunun qarşısını almaq mümkündür. Hər birimizin kənddə yaxud digər rayonlarda dost-tanışlarımız, qohumlarımız var, onlara qonaq getməklə dincələ bilərik. Əgər bizə sözügedən istirahət mərkəzləri sərf eləmirsə, onda istirahətimizi bu şəkildə təşkil etmək olar".

Jurnalist Nərgiz Cavadzadə: "Ancaq bir həftə müddətində kəndə havamı dəyişmək üçün gedə bilirəm. Amma hamı bilir ki, bir həftəlik dağlıq bölgəyə gedirsənsə, bu müddət oranın havasını öyrəşməyə də bəs eləmir. Minimum iki həftəlik istirahət etmək lazımdır ki, ilin yorğunluğunun çıxarmaq mümkün olsun. İstirahət üçün ən yaxşı variant ölkə xaricində dincəlməkdir. Bəlkə, bu insanı qayğılardan və problemlərdən uzaq edər. Əgər belə bir şansım olsa, mütləq mobil telefonumu söndürüb, virtual həyatdan da uzaqlaşacağam. Amma maddi imkanım deyəsən bu arzumu hələ ki, ürəyimdə qoyacaq".

Dərzi Aynur Orucova: " Dincəlmək üçün bir yer axtaranda ailəmlə birgə əsas münasib qiymətin və rahatlığın olmasına üstünlük veririk. Ancaq istirahət mərkəzlərinin qiyməti bizi qane etmir, çox bahadı. Bununla yanaşı, istirahətimə işim də mane olur. Gərək uyğun bir vaxt seçə biləm. Həm də övladım kiçik olduğundan da bir az problem olur".

Beləliklə, istirahətimizə mane olan bir sıra səbələrlə yanaşı, əsas məkanların cəmiyyətin maddi vəziyyətinə hesablanmayan qiymətlərdir. Yerli məkanlarımızda turizm sektorundakı qiymətlər xarici istirahət məkanlarından bahadır. Buna görə də, imkanı çatan şəxslər də eyni və ya bundan ucuz qiymətə ölkədən kənarda dincəlməyə üstünlük verir. Demək ki, daxili turizmdə qiymətlər baxımdan dəyişiklik etmək lazımdır. Həm ölkəmizin turizm sektorunun inkişafı, həm də əhalinin istirahətini təmin edə bilmək üçün bu barədə düşünməyə dəyər.

Sevinc Fədai
AzNews.az