Ana bətnini pul kisəsi kimi görən həkimlər Ana bətnini pul kisəsi kimi görən həkimlər

Qeysəriyyə əməliyyatı haqda şok iddia

Ana bətnini pul kisəsi kimi görən həkimlər



Tibb inkişaf etdikcə dölün ana bətninə düşməsi, hətta ordan "hansı yolla" çıxması da texniki prosesə çevrilir. Süni mayalanma, surroqat ana, dölün cinsinin valideynlərin istəyinə uyğun seçilməsi uşağın dünyaya gəlməsi prosesini "qismət" məsələsindən çoxdan çıxıb.

Normal doğuş (vaginal) həm qadınların, həm də doğum evlərinin gözündən düşüb. On il əvvəl nadir hallarda, məcburiyyətdən həyata keçirilən qeysəriyyə əməliyyatı, artıq doğum evlərinin əsas iş prinsiplərinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı hər il hesabatlarında qeysəriyyə əməliyyatlarının çoxaldığını, bunu ananın və dölün həyatı üçün risk olduğunu açıqlasa da, nəticə əksinə olur. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn, əməliyyat zamanı qədərindən artıq narkoz qəbul etmiş nevroz və bronxial astmalı uşaqların, qarın boşluğunda və uşaqlığında tikiş daşıyan yarımcan anaların sayı durmadan artmaqdadır.

Dövlət xəstəxanalarında qan alveri

Məsələnin acınacaqlı tərəfi odur ki, qeysəriyyə əməliyyatını təkcə insan taleyini biznes predmetinə çevirmiş özəl klinikalar həyata keçirmir. Statistika göstərir ki, dövlət hesabında olan doğum evləri də qeysəriyyə əməliyyatlarına həddən artıq "meyillidir". Gün ərzində 3 doğuş həyata keçirən hər dövlət xəstəxanasının "öhdəsinə" 1 qeysəriyyə əməliyyatı düşür. Tibbi-texniki baxımdan geridə qalmış, təmirsiz, anti-sanitar vəziyyətdə olan əksər dövlət xəstəxanalarında qeysəriyyə əməliyyatı keçirmiş qadınlar sonradan uşaqlıq yollarının infeksiyası, göbələk və. s xəstəliklərdən əziyyət çəkirlər. Ən ucuz anti-biotiki belə pasiyentin yaxınlarına aldıran xəstəxana, qeysəriyyə əməliyyatı zamanı təkcə "əməliyyat haqqı"-da udmur. Əməliyyat zamanı xəstəyə qan ehtiyacı olmadığı təqdirdə belə qan aldırılır. Sonradan isə məlum olur ki, həmin qan heç xəstəyə köçürülməyib. Maraqlı bir faktı qeyd edək ki, dövlət xəstəxanalarının birində həyata keçirilən qeysəriyyə zamanı əməliyyat stolunda olan xəstə II qan qrupu olduğu halda, IV qan qrupunu daşıyan həyat yoldaşından xəstəyə köçürüləcəyi adı ilə qan alınıb. Məlum olduğu kimi IV qan qrupunu daşıyan insanlar heç vaxt II qan qrupuna qan verə bilməz. Beləliklə, alınmış qanın taleyi qeyri-məlumdur. Bu fakt son vaxtlar tibb aləmində ən çox rastlanılan hoqqabazlıq kateqoriyasına aiddir. Belə hallar demək olar ki, ölkənin bütün dövlət müəssisəsi hesab edilən doğum evlərində baş verir: xəstəyə vurulacağı adı ilə yaxınlardan qan alınıb başqa xəstələrə satılır.

Uşağın boynu, yoxsa həkim oyunu?

Qeysəriyyə əməliyyatı zamanı doğum evlərinin oynadığı oyunlardan biri də uşağın sağrı gəlişidir. Sağrı gəlişi zamanı doğuş çətinləşir. Ağrıların artması səbəbindən doğuşun vaxtı qabağa çəkilir. Bu proses əvvəllər doğuşu tezləşdirən, açılış üçün nəzərdə tutulmuş iynələrlə həyata keçirilirdi. İndi isə uşağın vəziyyətinin ağır olduğunu, onsuzda ağrı və həyəcan içində olan anaya deməklə baş tutur. Həkim anaya uşağın sağrı gəlişi vəziyyətində olduğunu, doğuş zamanı boynunun qırılma ehtimalı olacağını deyir. Başını itirmiş yaxınlar müzakirə etmədən doğuşa hazırlaşan qadını əməliyyat stoluna göndərir.

Həkimlər qanı yox, cibi "analız" edirlər

Baş verən bədbəxt hadisələr nəticəsində də doğum evlərində qeysəriyyə əməliyyatı həyata keçirən həkimlərin qadın qarnına pulqabı kimi baxması faktı öz təsdiqini artıq çoxdan tapıb. Belə ki, doğum öncəsi həyata keçirilməsi vacib olan analiz və müayinələrin heç biri dövlət doğum evlərində aparılmır. Qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmiş anaların çoxunun ölüm səbəbinin ürək çatışmazlığı, arterial qan təyziqi və qanın ləng laxtalanmasından əziyyət çəkdiyi məlum olur. Bu da o deməkdir ki, əməliyyatdan əvvəl heç bir müayinə və analiz proseduru həyata keçirilməyib. Sadalanılan xəstəlikləri olan qadınlar ya müəyyən müalicə kursu keçdikdən sonra əməliyyat oluna bilər, ya ümumiyyətlə, qeysəriyyə yolu ilə ana ola bilməzlər.

Özəl xəstəxanaların tam "özəl" qanunları

Gələk, üstü bəzək özəl klinikaların qeysəriyyə oyunbazlığının yollarına. İnsanfən, özəl klinikalarda dövlət klinikalarından fərqli olaraq vəziyyət daha mülayimdir. Klinikaların əksəriyyətində sterilizasiya qaydalarına əməl edilir. Ödəniş birdəfəlik olduğuna görə xəstənin ailəsi 5 gün müddətində soyulub soğana çevrilmir. Bütün dərmanlar, tibbi ləvazimatlar, xəstənin qidalanması, yenidoğulmuşun ilkin geyimi və qidası ödənişə daxildir. Özəl klinikalarda əsas problem tibb personalı məsələsidir. Dünyanın hər yerində "özəl klinikalarda ən savadlı həkimlər yaxşı maaşa işləyir" ənənəsi olsa da, Azərbaycan Səhiyyə sistemində hər şey saat əqrəbinin əksinə hərəkət edir. Qərara görə tibb universitetinin məzunları 5 il dövlət xəstəxanasında işləmədən özəl klinikalarda işləyə bilməz. Ancaq kimdir bu qaydaya əməl edən. Eləcə də, tibb texnukumunu bitirməmiş tələbələr özəl klinikalarda yarım əmək haqqı ilə əməliyyat şöbəsində işlədilir, hətta təcrübəsiz tibb bacıları əməliyyatda iştirak edir. Ən xırda səhvin insan həyatının bitməsi hesabına başa gələcəyini məqsədin pul olduğu yerdə düşünmək demək ki, elə də asan deyil.

Qəfil səsdən infarkt olan uşaqlar

Bir dəfə qeysəriyyə əməliyyatı keçirmiş qadınlar ikinci doğuşu da həkimlərin "hədə-qorxusu" ilə qeysəriyyə əməliyyatı ilə edir. Hippokrat andına rezin əlcəklə əl basmış həkimlər yaxşı bilir ki, bir dəfə əməliyyat etdikləri xəstə ikinci, hətta üçüncü dəfə də onların əməliyyat stolunun qonağı olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, qeysəriyyə əməliyyatı ilə doğulmuş uşaqlarda panik atakiya adlanan xəstəlik daha çox rastlanılır. Bu da hələ dünyaya gəlməmiş dölün qəfildən, özü istəmədən işıqlı dünyaya çıxması nəticəsində yaranır. Həmin uşaqlar ən kiçik qəfil səsdən belə infarkt ola bilər. Möhkəm döyülmüş qapıdan səksənən uşaq şoka da düşə bilər.
Xəstəxanalar əməliyyat zamanı spinal (beldən keylətmə) narkozu istifadə edə biləcəyi halda ucuz başa gəldiyinə görə ümumi narkozdan istifadə edir. Bu da anada və uşaqda nevroloji xəstəliklər, yaddaş pozğunluğu yaradır. Tərslikdən isə qadınların çoxu qeysəriyyə əməliyyatını özü seçir. Ağrısız olduğunu düşündükləri əməliyyat sonrakı illərdə onlara və övladlarına ciddi problemlər yaradır. Doğuşdan sonra ilkin süd əməliyyatdan sonrakı ağrılara görə gəlmir. Ağız suyu adlanan, zəngin süddən uşaq məhrum olur.

Hər yerdə qadağa, bizdə isə qabağa...

Qeysəriyyə əməliyyatının bir çox ölkələrdə normal (vaginal) doğuşun mümkün olduğu halda baş tutması qadağan edilib. Bütün dünya hər şeyin təbii yolunu seçdiyi halda bizdə hər şey əksinə gedir. Normal doğuş mümkünlüyü varkən, yeni nəsil narkoz kimi ağır maddə ilə "qidalanıb" dünyaya gəlir. Gələcək nəslik zəhərlənmiş dünyaya gəlməsində isə analar və həkimlər birgə "fəaliyyət" göstərir. Başı narko-"z" –dan dumanlanmamış gənclik arzusu ilə...

Şəbnəm Həsənbəyli
AzNews.az