Bayram günlərində yenə sıxlıq olacaq

Müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarı ilə avqustun 19-dan 21-dək qeyri-iş günü elan edilib. İstirahət günlərinin isti yay vaxtına təsadüf etdiyini nəzərə alsaq, bölgələrə dincəlməyə gedənlərin sayının artacağı istisna olunmur. Bu isə Azərbaycanın dəmir yolu nəqliyyatında sərnişin sıxlığı ilə müşahidə oluna bilər.

Nəqliyyat Nazirliyi Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun AzNews.az-a verdiyi məlumata görə, bayram günlərində havaların isti keçməsi ilə əlaqədar vaqonlar texniki baxışdan keçirilir, soyuducu sistemi yoxlanılır: "Çalışacağıq ki, qismən də olsa sərnişin sıxlığını aradan qaldıraq. Sərnişin sıxlığından asılı olaraq qatarlara əlavə vaqonların qoşulması da nəzərdə tutulub".

N.Əzməmmədov onu da bildirdi ki, əlavə vaqonlar əsasən Bakı-Böyükkəsik qatarına qoşulacaq.


Müşfiq

AzNews.az