06:41
(077) 610-22-33

Azərbaycanda zəlzələ xəbərdarlığı...

  • >
1 185 14 Avqust 2012 16:44 | Cəmiyyət

Südeyf Həsənov: "Zəlzələnin nə vaxt baş verəcəyini demək üçün heç bir əsasımız yoxdur"



Respublika Seysmoloji Xidmət Mərkəzinin Bakı Seysmik Stansiyasının müdiri Südeyf Həsənov SİA-ya müsahibəsində zəlzələ xəbərdarlığı edib.


- Son günlər İranda baş verən zəlzələnin Azərbaycan üçün hər hansı bir qorxusu varmı?


- İranda baş verən 6,6 bal gücündə zəlzələ Azərbaycanın cənub rayonlarının əksəriyyətində hiss olunub. Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, hətta Bərdə, Yevlax, Mingəçevirə kimi hiss olunan zəlzələnin gücü 4,5 baldan 2 bala qədər olub. Lakin bu ona əsas vermir ki, bundan ötrü təlaş keçirək. Bu yaxınlarda Azərbaycan özü belə bir faciənin şahidi oldu. Zaqatala və Şəkidə baş verən zəlzələlər 2 aya kimi davam etdi, avtoşoklar oldu. Amma bunların Abşeron, Bakı şəhəri və digər regionlara heç bir təsiri olmadı. İranın Təbriz şəhərindən 56 km şimal-şərqdə baş verən zəlzələ Azərbaycanda hiss olunsa da insan tələfatı yoxdur. Bu zəlzələnin insanlar arasında təşviş yaratmasına heç bir gərək yoxdur. Belə zəlzələdən sonra 2-3 ay ərzində avtoşoklar, yəni xırda təkanlar təkrar olunur. Bunun üçün heç bir təlaş keçirmək lazım deyil.


- Hazırda Azərbaycanda seysmoloji vəziyyət hansı durumdadır?


- Azərbaycanda seysmoloji vəziyyət hər zaman olduğu kimi fon səviyyəsində sabitdir. Yer heç vaxt sakit deyil. İnsan orqanizmi kimi daima fəaliyyətdədir. İnsanı narahat etməyən bütün təkanlar sutka ərzində hər yerdə olduğu kimi Azərbaycanda da var. Azərbaycanda hər gün insanların hiss etmədiyi 6-7 təkan baş verir. Bunu yalnız cihazlar dəqiq təyin edirlər. Zəlzələnin nə vaxt baş verəcəyini demək üçünsə heç bir əsasımız yoxdur. Çünki insan zəlzələnin əvvəlcədən proqnoz edilməsi qarşısında acizdir. Zəlzələni 3 amil ifadə edir: gücü, yeri və vaxtı. Bu 3 amil hələki araşdırılaraq ortaya çıxmadığından deyə bilmərik ki, nə vaxt zəlzələ baş verə bilər. Türkiyə, İran əraziləri 90-95% aktiv bölgələr olduğu üçün oralarda zəlzələlərin olması hər an gözləniləndir. Azərbaycanın da çox hissəsi zəlzələyə həssas bölgədir.


- Son illər günəşdə baş verən partlayışlar, yer kürəsindən kənarda olan hadisələr yer kürəsinin seysmoloji vəziyyətinə necə təsir edə bilər?


- Yalnız onu deyə bilərik ki, günəş aktivliyi ili başlayır. Bununla əlaqədar olaraq biraz ehtiyatlı olmaq lazımdır. Bu gün zəlzələnin elmə məlum olan kars, maqmatik, vulkanogen, tektonik və digər növləri var. İndi isə belə bir müddəa var ki, 15-20 ilə kosmogenik zəlzələlər də olacaq. Bunlar isə kosmosla günəşin qarşılıqlı vəziyyəti ilə əlaqədar olan yeni zəlzələlər olacaq. Amma bunlar hələ ki təsdiqini tapmayıb. Ola bilsin ki, gələcəkdə bu barədə ətraflı danışılsın.

AzNews.az

Bağla X