Şəklini göy üzünə çəkdim...

Heç bilməzdim daşın belə ağırdı,
Bəxtin belə biçarədi, fağırdı...
Gedəcəyəm, göylər məni çağırır
Daha yerdə dözmək olmur, əzizim!
Vahid Әziz

Sənə addım-addım gələ bilmədim,
Sən addımlarıma sığmadın...

Sənə gözümlə də yetə bilmədim.
Sən gözün yetəcəyi qədər yaxın deyilsən ki...

Sadəcə, səni görəndə adamın addımları yerə yapışır.
Sənə yerdən baxmaq mümkün deyil.

Anladım ki, sən Yer adamı deyilsən!
Ümumiyyətlə, sənə adam deməyə dilim gəlmir, gözəl də həmçinin...

Vəsf də edə bilmirəm,
Söz də tapılmır!..

Sənə deyiləni də adam kimi adamlara anlatmaq belə zor.
Ancaq yerişim sənin üçün – sənə doğru gəlməyə,

Baxışım sənin üçün – səni görüb anlamağa!
Açılan sabahım sənin adına – ömrümün bütün qaranlıqlarında işıq kimisən...

Səni görmək, anlamaq həsrətin dərdi deyil –
nə yaxşı ki, sən mənə sevginin rəngini, üzünü və özünü anlatmaq üçün varsan.

Bir az da qənaətlərimi dəqiqləşdirmək istəyirəm. Səni öz ucalığında, öz statusunda görüm deyə, sənə göydən baxdım.
Həyatımda varsan deyə, göylə gedirəm!

Sən mənə sözlərin anlamını yaşatdın – mən indi bildim göylə getmək nə imiş...

Sən mənə anlatdın – adam düşüncəsində necə əziz olur.
Sənin ruhun belə adam üçün narahatdı – sən hiss etdirdin mənə ruhun adam üçün necə narahat olmağını.

Sən ən zərif hisslərin təcəssümü, ən xoş arzuların təcəllisisən.
Allah könlümü səninlə alır!

Sən, təkcə sən mənə anlatdın ki, sevgi dərd gətirmir:

- Sevgi yaşamdır, həm də yaşadır.
Sevgi sabahdır!

Sevgi Allaha minnətdarlıqdı.
İndi bildim, eşqin İlahidən olduğunu...

Sən mənə sevginin şəklini söz-söz çəkdirdin.
Mən şəkil çəkməyi öyrəndim: ən gözəl rəsmim də sən oldun.

Mən hər sənin varlığına təşəkkür etdikcə göydə sənin bir cizgini gördüm – ürəyinin, üzünün, gözünün, nəfəsinin, səsinin.

Hər gördüyümü çəkdim.
Çəkdim və sənin şəklin alındı.

Mənə baxma, göyə bax,
Sənin şəklini orda çəkmişəm.

Mən indi anladım, səni niyə adam kimi sevmədim.
Mələklər göy üzündən boylanır.

Onun üçün də sən yerə boylanma ki, Yerdən göydəkilər balaca görünür.
Sən ulduz deyilsən.

Ulduzlar göy üzündə təkdir!
Noolsun ki, hər kəsin də öz ulduzu var.

Ulduzlar qarışanda dünyaya İlahi Eşq gəlir.
İlahi Eşq mələklərindir.

Göyə bax! Göydən göyə bax.
Öz şəklinə...

O həm sənsən, həm də mən.
Sevgi elə budur - əlli əlliyə, yarı yarı. Birləşəndə bir olur.

İkimizin şəklidi göydə.
Sənin sayəndə!

Sənə xatırlatmaq üçün şəklini göydə çəkdim – elə göy üzündə qalasan - şəkil kimi də olsa...

Çünki Yer üzü sənlik və mənlik deyil.
Yer üzündə hələ də mələklər pozula bilir!
Mələklər, mələklər, bir də mələklər!..

lent.az