Böyrək köçürülən qadın ana oldu - İlk dəfə

Azərbaycanda böyrək transplantasiyası üzrə əməliyyat olunan qadın doğuş həyata keçirib.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxananın doğum şöbəsinin həkimləri uğurlu əməliyyata imza atıblar. Belə ki, 2011-ci ildə böyrək transplantasiyası üzrə əməliyyat olunan Vüsalə Mədət qızı Pənahova doğuş üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

"Böyrək transplantasiyasından əməliyyat olunmuş şəxsin doğuşu bir qədər riskli olsa da həkimlər öz işlərini müvəffəqiyyətlə həyata keçiriblər. V.Pənahovanın təbii doğuş həyata keçirməsi planlaşdırılsa da, doğuşun ikinci dövründə döldə başın düzgün olmayan duruşu – arxa asinklitizm diaqnozu qoyulduğu üçün ana qeysəriyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində 2,6 kq çəkisində qız övladı dünyaya gəlib. Hazırda ana və körpənin vəziyyəti normaldır", - deyə məlumatda bildirilir.

Məlumata görə, 2005-ci ildə böyrək çatışmazlığı diaqnozu qoyulduqdan sonra V.Pənahova 6 il ərzində hemodializ müalicəsi qəbul edib və 2011-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında böyrək transplantasiyası üzrə əməliyyat olunub.

Qeyd edək ki, böyrək transplantasiyasından əməliyyat olunan şəxsin doğuş həyata keçirməsi Azərbaycanda ilk dəfə baş verib.


AzNews.az