Kənd təsərrüfatı siyahıya alınacaq

2015-ci il iyunun 1-dən 30-dək Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması keçiriləcək. Nazirlər Kabinetinin müvafiq qərarı rəsmi mətbuatda dərc olunub.

Qərarın mətnində deyildiyi kimi, kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması Dövlət Statistika Komitəsinə tapşırılır.

Siyahıya alınmanın təşkilati məsələlərinin həll edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-2015-ci illər üçün dövlət büdcəsində müvafiq məbləğdə vəsait ayrılması nəzərdə tutulur.

Nazirlər Kabinetinin qərarında deyilir: "Kənd təsərrüfatının siyahıya alınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılacaq".

Bundan başqa, qərara əsasən, 2015-ci ilin kənd təsərrüfatının siyahıya alınmasının proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını sınaqdan keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayı ərzində Quba rayonunda sınaq siyahıya alınması keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatına əsasən, kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etmək tapşırılıb.

Sonuncu dəfə Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması 2005-ci ildə keçirilib.

Ölkə iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur: Azərbaycanın ÜDM-nin 1/10 hissəsi və respublikada məşğul əhalinin 40 faizi bu sahənin payına düşür. Respublikanın bazar iqtisadiyyatına keçməsi, eləcə də aqrar sektorda irimiqyaslı islahatların aparılması əsaslı sahə və struktur dəyişikliklərə gətirib çıxarıb. 1995-ci ildən başlayaraq kolxoz və sovxozların bazasında təsərrüfatçılığın yeni təşkilati-hüquqi formaları olan kənd təsərrüfatı kooperativləri, kollektiv müəssisələr, ailə kəndli təsərrüfatları və s. yarandı.

Belə dəyişikliklərdən sonra torpaq sahələri, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkinlər, mal-qaranın və quşların ümumi miqdarı, kənd təsərrüfatı texnikasının və avadanlığın mövcudluğu, kənd təsərrüfatı binaları və tikintiləri, işçi qüvvəsi və s. haqqında tutarlı və dolğun statistik məlumatların olmasına kəskin ehtiyac yaranıb.

Kənd təsərrüfatının siyahıya alınması Dağlıq Qarabağdan başqa ölkənin bütün ərazisində keçirilib.

Ölkədə siyahıyaalma onların tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələri, təşkilatları və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan əhalinin təsərrüfatlarını əhatə etmişdi.

Kənd təsərrüfatının siyahıya alınması proqramı hazırlanarkən BMT FAO-nun "2000-ci ilin ümumdünya kənd təsərrüfatı siyahıya alınması Proqramı"nın tövsiyələri, başqa ölkələrin təcrübəsi və ölkədə kənd təsərrüfatının aparılmasının milli xüsusiyyətləri nəzərə alınıb.

AzNews.az