Sığortaolunanların sayı artıb- Rəsmi

2014-cü il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 15,8 faiz artıb.

DSMF-dan Aznews-a verilən məlumata görə, ötən il ərzində DSMF tərəfindən əlavə olaraq 425 283 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 691 357 nəfərə yüksəlib.

Cari ilin yanvarın 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58,7 faizi kişi, 41,3 faizi isə qadındır.

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 24,1 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 22,1 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 21,4 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10,7 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Qeyd edək ki, fərdi uçot-Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Amid Əyyuboğlu
AzNews.az