Federasiya prezidentinin oğlu əməliyyat olundu

Azərbaycanın Ciu Cutsu Federasiyasının prezidenti, tanınmış məşqçi Mirəli Seyidovun ağır xəstə olan oğlu əməliyyat olunub. O, səhhətində yaranmış problemlə bağlı yanvarın 1-də xəstəxanaya çatdırılıb. 25 yaşlı Rolan Seyidovda qəfildən kəskin baş ağrıları və zəiflik müşahidə olunub.

Həkimlər təcili əməliyyat tövsiyyə etsələr də, beynində qansızma aşkarlanan xəstənin yaşayacağına tam zəmanət verməyiblər. Bundan sonra Rolan Seyidovun valideynləri onu Kiyevə aparıblar. Orada əməliyyat olunan Rolan Seyidov dostu Eldəniz İsrafilov APA TV-yə onun vəziyyətinin normal olduğunu deyib: "Rolan Seyidovun qardaşı Tehran Seyidovla danışdım. Dedi ki, əməliyyatdan yeni çıxıb. Anası Kiyevdən zəng eləyib, deyib ki, hər şey qaydasındadır".

Azərbaycana təkcə 1 ildə 8 medal (2 qızıl, 3 gümüş, 3 bürünc) gətirən tanınmış məşqçinin övladını əməliyyat etdirmək üçün maddi vəsait tapmadığı barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə və forumlarda gəncin əməliyyatı üçün ianə toplanırdı.

Müğənni Rolan Seyidov "Eurovision 2013" musiqi yarışmasının milli seçimlərinin final mərhələsində iştirak edib. (APA TV)