Azərbaycan Avropada birincidir- əhalinin təbii artımına görə

Təkcə 2013-cü ildə Azərbaycanda 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Onların 56-sı artıq istifadəyə verilib. Bundan əlavə, yeni ilin ilk günlərində möhtəşəm çoxprofilli klinikanın - ən müasir səviyyədə inşa və təchiz edilmiş Bakı Sağlamlıq Mərkəzinin də dövlət başçısının iştirakı ilə açılışı olub.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Səhiyyə naziri 2013-cü ilin ölkə səhiyyəsi üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərdiyini, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını vurğulayaraq dedi:
"Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə ocaqlarının açılışında şəxsən iştirakı artıq ənənəyə çevrilib. Dövlət başçısı Tibb Universitetinin Cərrahiyyə Klinikasının, 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının, Astara, Ağcabədi, Cəlilabad, Lənkəran, Yevlax rayon mərkəzi xəstəxanalarının açılış mərasimlərində iştirak edib, bu tədbirlərdə tibb işçiləri ilə görüşüb, onların zəhmətini yüksək dəyərləndirib".

Nazirin sözlərinə görə, əlamətdardır ki, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür: "İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir.

Regionların inkişafını yerlərdə əhali də yüksək qiymətləndirir. Ötən il ölkə başçısının göstərişi ilə müxtəlif rayonlarda keçirilən səyyar qəbullar zamanı yüzlərlə vətəndaşla görüşlər olub. Orada müraciət edən insanların problemlərinin operativ həlli ilə yanaşı, hər kəs bölgələrdə yaradılan şəraitdən, müayinə və müalicə imkanlarından razılıq edirdi.
Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir".

O.Şirəliyev qeyd edib ki, tibbi-demoqrafik göstəricilərin müsbət dinamikasında səhiyyənin, xüsusən konkret sahələr üzrə dövlət proqramlarının da mühüm əhəmiyyəti olub: "Belə ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə müayinələrin həcmi artıb, ilkin aşkarlama və xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Görülmüş tədbirlər sayəsində diabet xəstələrinin həyat keyfiyyəti yüksəlib, bu xəstəlikdən ölüm göstəricisi 2,6 dəfə azalıb.

Talassemiyalı və hemofiliyalı xəstələrin də müalicəsində müsbət nəticələr əldə edilib. Son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə, hemofiliyadan ölüm isə 2 dəfə azalıb.

Bu xəstəliklərdən əziyyət çəkənlərin təhlükəsiz donor qanı ilə təminatı məsələsi də praktik olaraq həll edilib. Qan tədarükü 6,8 tondan 30,1 tonadək artıb. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Respublika Talassemiya Mərkəzinin yaradılması irsi qan xəstəliklərinin müalicəsində dönüş nöqtəsi oldu. İndi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu Mərkəzdə sümük iliyi transplantasiyası əməliyyatlarına hazırlıq işləri gedir. İlk əməliyyatın 2014-cü ildə aparılması nəzərdə tutulur".

Nazir bildirib ki, xüsusi dövlət proqramı qəbul edilənə qədər xroniki böyrək çatışmazlığı da səhiyyəmizin qarşısında duran ən çətin problemlərdən idi və hər il yüzlərlə insanın ölümünə səbəb olurdu. İndi xroniki böyrək çatışmazlığından əziyyət çəkən minlərlə xəstənin hemodializ seansları tam həcmdə dövlət hesabına həyata keçirilir".
Onun sözlərinə görə, ana və uşaq sağlamlığı sahəsində də müsbət dinamika var.

Proqramın qəbul edildiyi 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü 16,2 promillidən 13-dək aşağı düşüb:

"Uşaqların sağlamlığı üçün vaksinasiyanın da böyük əhəmiyyəti var. 2013-cü ildə Azərbaycanda uşaqlar inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 10 xəstəliyə qarşı vaksinasiya ilə əhatə olunublar.

Dekabrdan etibarən isə milli peyvənd təqviminə çoxkomponentli pnevmokok vaksini daxil edilib, bu da uşaqları pnevmoniya xəstəliyindən qoruyacaq.

Ölkə səhiyyəsinin ən mühüm nailiyyətlərindən biri də kadr potensialının inkişafıdır. Son illərdə bu sahədə ciddi islahatlar aparılıb. Tibb təhsilinin baza təhsilinə və rezidenturaya bölünməsi, həkimlərin sertifikasiyası, mərkəzləşmiş imtahan yolu ilə işə qəbul - bütün bunlar islahatların tərkib hissələridir. Keçən il artıq rezidenturanın ilk buraxılışı olub.

Bu gün tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait var. İstedadlı gənclərə təhsillərini dövlət hesabına xarici ölkələrdə davam etdirmək imkanı yaradılır. Bu praktikanın müsbət nəticələrini Azərbaycanda kardiocərrahiyyənin və transplantologiyanın sürətli inkişafında görmək olar. Hazırda ölkəmizdə açıq ürək əməliyyatları, böyrək köçürülməsi artıq fövqəladə hal deyil, səhiyyəmizin gündəlik hadisəsinə çevrilib. Keçən il minlərlə belə əməliyyat həyata keçirilib.
Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyətini beynəlxalq qurumlar da yüksək qiymətləndirir, bunu digər dövlətlərə nümunə göstərirlər.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının rəhbər strukturlarına seçilməsi artıq xoş bir ənənəyə çevrilib. ÜST-nin tarixində ilk dəfə ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq qurumun İcraiyyə Komitəsinə, Avropa Regional Bürosu Daimi Komitəsinə və yenidən İcraiyyə Komitəsinə üzv seçilib. 2013-cü ilin may ayında isə ÜST İcraiyyə Komitəsinin növbəti sessiyasında Azərbaycan bu qurumun birinci vitse-prezidenti kürsüsündə təmsil olunub. Bütün bunlar Vətənimizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir".

AzNews.az