13:37
(077) 610-22-33

Maliyyə naziri prezidentə hesabat verdi

  • >
325 10 Yanvar 2014 08:08 | Cəmiyyət

“Banklarda olan əmanətlərin məbləğində artım əldə edilib”




Ötən ildə 57 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilib, adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatıb.

Bunu ötən gün Nazirlər Kabinetinin iclasındakı çıxışında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, 2012-ci illə müqayisədə ötən il işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olub.

"Ötən müddət ərzində manatın dəyəri sabit qalıb, inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilib", deyə maliyyə naziri bildirib.

Operativ məlumata əsasən, ötən il dövlət büdcəsinin mədaxili 19 milyard 494 milyon manat və ya 101,8 faiz yerinə yetirilməklə 2012-ci illə müqayisədə 2 milyard 213 milyon manat və ya 12,8 faiz çox olub. Qeyri-neft sektorundan əldə olunan daxilolmalar 2012-ci illə müqayisədə 584 milyon manat və yaxud 13 faizə yaxın artıb.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi müvafiq olaraq 104,1 faiz və 100,2 faiz əməl edərək büdcəyə 6 milyard 664 milyon manat və 1 milyard 383 milyon manat vəsait təmin ediblər ki, bu da 2012-ci ilə nisbətən müvafiq olaraq 639 milyon manat (10,6 faiz) və 175 milyon manat (14,5 faiz) çoxdur.

Ötən ildə dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilib, əmək haqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilib.

2013-cü ildə dövlət büdcəsinin xərcləri 19 milyard 112 milyon manat və yaxud 96,3 faiz yerinə yetirilib. Bu, 2012-ci illə müqayisədə 1 milyard 697 milyon manat və ya 9,7 faiz çox deməkdir.

Ötən il dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur.

Ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb.

Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.

2013-cü ildə məcburi köçkünlərin mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılmasına dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilib. Məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, su və s.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilib, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılıb.

2013-cü ildə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesi başa çatıb. Ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilib.

Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi və hərbçilərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də prioritet hədəflərdən olub, ötən il bu məqsədə dövlət büdcəsinin faktiki xərclərinin 15 faizi (2 milyard 867 milyon manat) səviyyəsində vəsait yönəldilib.

Ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulub. Dövlət əsaslı vəsait qoyuluşu da ən yüksək səviyyəyə çatıb, 7 milyard manat səviyyəsində vəsait yönəldilib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idman və s.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilib.

Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, ölkədə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkədə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilib.

Şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb.

Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilib, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilib, iqtisadiyyatın müxtəlif sahələri üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit verilib ki, bunun da 150 milyon manatını dövlət büdcəsindən ayrılmış vəsait təşkil edir.

Maliyyə naziri çıxışının sonunda qeyd edib ki, dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2013-cü ildə də davam etdirilib, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunub.

AzNews.az
Bağla X