Baş Prokurorluqda müşavirə keçirilib

Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, müşavirədə 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2013-cü ildə Azərbaycanın prokurorluq orqanları digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlərin görülməsini təmin edib.

Korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədən danışan Z.Qaralov bu istiqamətdə atılan addımların kəsərliliyinin daha da artırılması, həmin sahədə ciddi tədbirlərin görülməsi, bu sosial bəlanın aradan qaldırılması, ona qarşı həyata keçirilən preventiv tədbirlərin səmərəliliyininin artırılması üzrə fəaliyyətin daha intensiv, ardıcıl və sistemli aparılmasının təmin ediləcəyini vurğulayıb.

Əməliyyat müşavirəsində 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun 2013-cü il iş planının icrası və cari ilin iş planı barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı 2013-cü ildə elan edilmiş müsabiqənin təşkili və keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş prokurorun müavini Namiq Əsgərovun, 2013-cü ildə Prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər barədə Baş Prokurorluğun idarə rəisi Natiq Hüseynovun məlumatları dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Müşavirədə həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

Müşavirədə həmçinin yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Eyni zamanda, 2013-cü il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.


AzNews.az