Səfər Əbiyevdən açıqlama: “Onların kim olduğunu bilirəm”

Müdafiə naziri vəzifəsindən azad olunandan sonra, haqqında demək olar ki, hər gün müxtəlif məlumatlar yayılan sabiq nazir Səfər Əbiyev sükütu pozub.

Səfər Əbiyev "Qafqazinfo" ilə əlaqə saxlayaraq haqqında gedən yazılarla bağlı eksklüziv açıqlama verib. Sabiq nazir son olaraq adının özünü yandıraraq həlak olan Qarabağ qazisi Zaur Həsənovun ölüm işində hallandırılmasına etiraz edib. O, bildirib ki, sözü gedən yazıda onun adı ilə əlaqələndirilən "Edis Qroup" şirkəti ilə heç bir əlaqəsi olmadığını, ümumiyyətlə bu şirkət barəsində birinci dəfə eşitdiyini deyib:

"Mən bu məlumatların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm. Mənim hər hansı bir xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm".

Qeyd edək ki, bu gün "Yeni müsavat" qəzetində "Özünü yandıran Qarabağ qazisi işində Səfər Əbiyev izi" başlıqlı yazı dərc edilib. Həmin yazıda dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun özünün yandırmasına səbəblərdən biri kimi göstərilən "Edis Qroup" şirkətinin sabiq müdafiə naziri Səfər Əbiyevə yaxın şəxslər tərəfindən idarə edildiyi iddia edilib.

AzNews.az