Elza adından imtina etsin

Yəqin ki, Elza Seyidcahanla ANS-in efirindəki məlum mübahisəmizdən xəbəriniz var.

Xəbəri olmayanlara deyim ki, "Adam içində" verilişinin canlı yayımında səsləndirdiyim iradlar xanımın xoşuna gəlmədiyinə görə hətta efiri tərk etmək istəyirdi. Ədəb-ərkan sahibi mütləqdir ki, belə olsun. Necə deyərlər, bərəkallah.

Xanım sənətçi deyir ki, müğənni deyil. Mən ikiəlli razı. Doğrudan da belə müğənnilik olmaz. Amma bu xanıma başa sala bilmirəm ki, siz "əməkdar artist" fəxri adını müğənniliyə görə almısınız.

"Mən müğənni deyiləm" söyləməklə dövlət tərəfindən ölkə prezidentinin imzası ilə aldığınız fəxri addan imtina etmiş olursunuz. Çünki Azərbaycanda əməkdar bəstəkar deyə fəxri ad, titul yoxdur.

Azərbaycanda mənə bircə əməkdar bəstəkar göstərin, sizdən üzr istəyim. Əgər adam daşıdığı fəxri adın mahiyyətin dərk etmirsə və üstəlik də sənətkarlıq iddiasındadırsa... FACİƏDİR...

Xanım əsgərlər qarşısındakı çıxışlarını başımıza qaxır. Məgər sənin orda bir mahnı oxumağın həmin oğulların 24 saat düşmən gülləsi qarşısında dayanmağından daha üstündürmü? Təbii ki, yox. Əgər oxuduğun bir mahnını canlı yayımda özünü müdafiə etmək üçün üzünə tutacaqdınsa, lənət olsun belə vətənpərvərliyə.

Guya sən oxumasaydın-hələ oxumusansa-əsgərlər səngərdən çıxıb qaçacaqdılar. Təsəvvür edin ki, adam verilişə özü ilə bir torba diplom zad gətirib. Bunu filan təşkilat verib, o birini bəşmekan qurum bağışlayıb və sair... Sən heç daşıdığın fəxri adın mahiyyətindən xəbərdar deyilsənsə, o diplomdan yüzü olsun, nə xeyri?

Ay qardaş, bu ölkədə hər kəs bilir ki, qadın sənətçilərin bəlkə də doxsan faizi biznesmenlərin "saxladıqlarıdır". Yəni bunu demək o qədərmi çətindir? O gün də başqa biri çıxıb jurnalistləri hədələyir. Bir nəfər də çıxıb demir ki, sən hansı üzlə namusdan, qeyrətdən danışırsan? Axı ən azı sənət yoldaşların hansı yuvanın "QUŞ"u olduğunu bilirlər. Sənət yoldaşlarından utanmırsan, utanmırsan axı o verilişə baxanlar arasında qurşaqdan aşağı tanıdığın kişilər də var. Barı onlardan ayıbdır. Məzən olsun, Yekaterina...

Bu haqda bir dəfə yazmışam, həmkarlardan xahiş etmişəm. Dostlar, lütfən qudurtmayın, özünü buğda bazarında görən civiləri. Bunları o qədər şişirdirsiniz ki, axırda özünüzü və özümüzü hədələyirlər. Reklam edirsiniz, varlı-hallı kişiləri "tanıyandan" sonra bəzən bizi həmin "ər"ləri ilə hədələyirlər. Hə, yadıma düşmüşkən bunu da deyim, bitirim.

Elza Seyidcahan, "əməkdar artist" fəxri adından imtina etmənizlə bağlı mətbuat konfransı zad olacaqmı?

AzNews.az