Dövrümüzün “onurğa sütunu” problemi- Bel “qrijası”

Beliniz ağrayırsa üzməyə başlayın


İnformasiya texnologiyaları əsrində yaşamağımızla fəxr etsək də, nəticədə sağlamlığımız təhlükə altındadır. Hələ xəbərimiz yoxdur. Statistikaya görə, hər dörd, bəzən də üç nəfərdən biri bel ağrısından şikayətlənir. Xüsusiylə, oturaq iş formatı zamanla canımızdan olmağa yol açır. Peşə xəstəlikləri deyilən xüsusi sənət sahələri var: zərgərlik, dərzilik, pinəçilik, sürücülük... Son 20 ildə bu sənət arasına kompyüter qarşısında vəzifəsini yerinə yetirən müxtəlif sahələr də əlavə olunub. Belə iş-güc sahibləri bel ağılarından şikayətlənirlər. Bəs saatlarla oturaq işə "məhkum olan" belə insanlar zərərin yarısından necə dönə bilərlər?

"Qafqazinfo" "onurğa sütununu qorumaq üçün nələr tələb olunur" mövzusuyla bağlı araşdırma aparıb.

Doğru oturmaq, yerimək-gözəl qamət yaradır


Mütəxəsislər onurğa sütunu problemlərinin hələ uşaq yaşlarından "pöhrələndiyini" deyirlər. Məktəbdə parta, evdə stol arxasında doğru şəkildə oturmamaq, hərəkətsizlik, xüsusi dartınma idmanlarını etməmək buna səbəb ola bilir. Valideynlərin nəzarəti xüsusi rol oynayır. Bəzən uşaqların yalnış hərəkətləri dayaq sisteminə mənfi təsir göstərir. Gələcəkdə bel əyriliyi, onurğa sütunu xəstəliklərin meydana gəlməsinə səbəb olur. Pediatr Vüsalə xanım gənc anaları bu işdə diqqətli olmağa çağırır. Onun sözlərinə görə, körpəlikdən uşağın doğru( ilk oturan vaxtlarda dəstəkli, arxasında balışla oturması) əyləşdirilməsi gələcək həyatında mühüm rol oynayır. "Körpənin 4-5 aylığından yeridilməsi, yaxud əyləşməyə məcbur edilməsi çox yalnışdır. Bu zaman onurğa sütununda ciddi problemlər meydana gələ bilər."

Bel yırtığı nədir?

Məlum olduğu kimi, onurğa sütunu 33 fəqərədən ibarətdir. Onurğa sütunu fəqərələri arasındakı kanalda həyatımız üçün vacib olan onurğa beyni yerləşir. Məlumdur ki, bu hissənin travma alması nəticəsində insan müxtəlif orqanlarından( xüsusən ətrafların hərəkətindən) məhrum ola bilər.

Hazırda xüsusən gənclərdə və orta nəsildə onurğa sütundakı problemlər çoxluq təşkil edir. Bəzən bu problemlər əməliyyat stolunda həll edilmək kimi vəziyyətə çatır. El arasında bel "qrija"sı kimi tanınan, bel yırtığı da onurğa sütünu xəstəliyin ən ağırlarındandır. Fəqərəarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığına xidmət edir. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyebənzər sahə, çol səthində isə (filroz həlqə) xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz "qrija" meydana gəlir. Bel yırtığı özü də bir neçə mərhələni keçdikdən sonra ortaya çıxır. Şərt odur ki, əvvəlki mərhələdə onun qarşısı alınsın.

Nevropatoloq Samirə xanım xəstəliyin səbəblərini sadalayır. " İrsi faktor çox rol oynayır. Ailəsində belə problemi daimi olanlar yüksək risk daşıyırlar. Yaşlı adamlarda fəqərəarası disklərdə boşalma yaranır, disklərin elastikliyi itir. Ağır yük daşıyanlar, ağır yüklə daimi hərəkət bu vəziyyəyin alınmasına gətirib çıxarır. Qamətini düz tutmayan, yumaq kimi oturanlar onurğa sütunu xəstəliyinə tez-gec uğrayırlar. Zəif əzələ sistemi olanlar, artıq çəkili insanlar da bu vəziyyətlə qarşılaşırlar. Oturaq işi olanlar, saatlarla kompyüter qarşısında əyləşənlər də bura aid edilir. Nəhayət, hansisa qəza zamanı travma alanlar da onurğa sütunundan əziyyət çəkənlər sırasına daxil olurlar. Bu arada onu da qeyd edim ki, hamilə xanımlar vəziyyətləri boyunca onurğa sütununa diqqət etməlidirlər. Bədənə qarşı laqeydlik gələcəkdə qarşıya problem kimi çıxa bilər."

"Onurga sütunun qayğısın qalmaq istəyən uzsün"

Neyrocərrah Ömər həkim söhbəti gedən problemlə bağlı məsləhətlərini verir. " Bu gün həddindən çox insan bel ağrıları ilə bağlı şikayətlərlə həkimə müraciət edir. Təəssüf ki, onlar arsında gənclər çoxluq təşkil edir. Bu zaman müxtəlif şikayətlər meydana gəlir. Baş ağrıları, qan təzyiqinin "oynaması", başgicəllənmə, ayaqlarda, qollarda keyimə, uyuşma, qəfləti sinir sancıları, oturanda, yatanda qalxa bilməmək kimi əlamətlər olur. Çox vaxt bu vəziyyət qulaqardına vurulur, "ötüb-keçəcək" deyə biğanəlik edilir. Halbuki vaxtında müayinə əməliyyat kimi ağır nəticələrdən qoruyar. İlk əvvəl qiyabi müayinə olunan xəstənin tam diaqnozu üçün MRT(maqnit rezonans tomoqrafiya) tələb olunur. Bu mütləqdir. Fəqərəarası vəziyyət dəqiqləşdirilməlidir. Çox vaxt həkimlər pasiyentə dərhal dərmanla müalicə təyin edirlər. Təcrübəmdə çox rast gəlmişəm. Mənimsə məsləhətim problemin ilkin vaxtlarında üzgüçülüklə məşğul olmaqdır. Həftədə iki dəfə hovuzda üzmək belə insanı bütün şikayətlərdən xilas edə bilər. Su ilə müalicə dünya təcrübəsində geniş yayılmış, zərərsiz metoddur. Bunu idman növü kimi formalaşdırmaq da lazım deyil. Suda hərəkət insanın əhval-ruhiyyəsinə yaxşı təsir göstərir. Suya girilən andan insanın bütün bədən əzələləri hərəkətə gəlir. Üzgüçülük ürəyin fəaliyyətini bərpa edir, qan dövranını aktivləşdirir, orqanizmdəki durğunluğu aradan qaldırır. Bədənin müqavimətini artırır, qamətin doğru qalmasına kömək edir. Müasir dövrün stress, depressiya kimi bəlasının aradan qalxmasına kömək edir. Hamiləlikdən sonra bel ağrılarından şikayət edən xanımların üzgüçülüklə məşğul olması gərəkdir. Suyun ağırlığı bədəni açır, nəticədə həm də energi, kalori itir. Dərmandan qaçmaq lazımdır. Vaxtında onurğa sütununun qayğısına qalmayan insanlar, əməliyyat olunsalar belə gələcəkdə yarıcan qalırlar."

Mütəxəsis məsləhətinə qulaq asan kəsin doğru hovuz seçməsi gərəkdir. Hovuzda üzməyin də öz qaydaları var. Fizioterapevt Ağa müəllimsə deyir ki, hovuza girməzdən qabaq yemək olmaz. Ən azı bir saat əvvəl qida qəbul etmək gərəkdir. Acqarnına da suda hərəkət qanda şəkərin qəfildən düşməsinə səbəb ola bilər. Çünki su ağır olduğundan enerji aparır, adam yorulur. Suda ilk vaxtlar 30-45 dəqiqə hərəkət kifayət edər."

Sonda onu demək olar ki, üzmək həm idman, həm də müalicə olunmaqdır. Üzməyi öyrənmək isə hər hansı ekstrimal vəziyyətdə özünüzün və başqasının gərəyi ola bilər.