“İKT-2” qrant müsabiqəsinin qalibləri elan edildi


Elmin İnkişafı Fondu, Rabitə və İnformasiyası Texnologiyaları Nazirliyinin birgə təşkil etdiyi "İKT-2" qrant müsabiqəsinin nəticələri elan olunub.


AzNews.az xəbər verir ki, Prezident İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən "İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi" məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirib.

Elmin İnkişafı Fondu 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edərək keçirib. İkinci İKT müsabiqəsi isə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat tipli layihələri əhatə edib.

Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin keçirilməsi haqqında qərarına uyğun olaraq 4 məsləhət seminarı təşkil edib, telefon və elektron poçt vasitəsilə olan müraciətlərə cavab verib. Müsabiqəyə 62 layihə daxil olub və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib.

2013-cü il 21 oktyabr – 5 dekabrda bu layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 10 layihə texniki ekspertiza mərhələsindən keçməyib. 52 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar. Layihələrin qiymətləndirilməsində müsabiqə təşkilatçıları tərəfindən yaradılan birgə komissiya da iştirak edib.

Fondun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib.

Layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib. Həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəy, arayış və tövsiyələr hazırlayıb.

Yekun qərara əsasən 29 qalib layihə müəyyənləşdirilib.

Qalib layihələrin siyahısı ilə BURADAN tanış olmaq olar. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1 200 000 manat olub. Elmin İnkişafı Fondu 24 layihənin maliyyələşdirilməsinə bir milyon manat vəsait ayırıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə 5 layihəni maliyyələşdirəcəkdir. Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə 24 qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.

Elnarə
AzNews.az