Qulu Məhərrəmli: “Özlərini dədələrinin xarabalarında hiss edirlər”

"Televiziya sosial harmoniya yaratmalı, insanların ruhunu sakitləşdirməli, bilgi verməli, həyata inam və şövq yaratmalıdır. Çox təəssüf ki, bizim televiziyalar bəzən bunun əksini edirlər".


Bunu AzNews.az-a açıqlamasında jurnalist-teletənqidçi Qulu Məhərrəmli deyib.

"ANS" telekanalında yayımlanan "Adam içində" verilişinin canlı efirində həyata keçirilən "cin çıxarma" əməliyyatına münasibət bildirən Q. Məhərrəmli deyib ki, bir neçə gün əvvəl telekanalların birində yayımlanan verilişdə baş verənlər də onu dəhşətə gətirib:

"Azad Azərbaycan Televiziya kanalında sünətlə bağlı mövzu müzakirə olunurdu. Verilişə baxanda dəhşətə gəldim. Fikirləşdim ki, görəsən, onlar özlərini kameranın qarşısında, yoxsa dədələrinin xarabalarında hiss edirlər".

Teletənqidçi əlavə edib ki, bəzi KİV-lər insanların faciələrindən şou düzəltmək, üçüncü, dördüncü və onuncu səviyyəli məsələləri ekrana çıxartmaqla məşğul olurlar: "Bunlar heç kim üçün maraqlı və gərəkli deyil. Bu da bütövlükdə Azərbaycan televiziya kanallarında gedən böhranın, düşüklüyün, bayağılığın bir formasıdır ki, bunlar ayrı-ayrı televiziya kanallarında müxtəlif formalarda təzahür edilir".

Amid Əyyuboğlu
AzNews.az