17:44
(077) 610-22-33

Nazirlik işçisi son mənzilə “Vağzalı“ ilə yola salındı- Reportaj

  • >
1 742 13 Yanvar 2014 15:36 | Cəmiyyət

Onun ölüm xəbəri media nümayəndələrini də sarsıtdı. Hətta üzünü görməsələr belə, telefonla bir neçə dəfə səsini eşidən həmkarlarım da çox üzüldü bu xəbərə.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı olan Pərvanə Məmmədovanın faicəli və qəfil ölüm xəbərini eşidən hər kəs kimi mənim də dilimə ilk gələn söz bu oldu "heyif o qızdan".

İndiyədək bircə dəfə belə olsun incitmədi bizləri. Hər zəng etdiyimdə lazım olan informasiyanı almağa əlindən gəldiyi qədər köməyi əsirgəmədi. Həmişə fikirləşirdim ki, bu onun əvvəllər mətbuatda çalışması, vaxtıilə jurnalist kimi bu əziyyətləri yaşaması ilə bağlıdır. Çalışdığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsində elə də böyük vəzifə tutmasa da, jurnalistlər, dost-tanış arasında böyük hörmət qazanıb getdi Pərvanə. Bəlkə də elə bu səbəbdən idi ki, ötən gün onun yas mərasiminə gələnlər arasında xeyli sayda jurnalist vardı.

Sosial şəbəkədə paylaşdığı son şəkili yas məclisinə qismət oldu


Məclisə girən kimi diqqətimi ilk cəlb edən Pərvanənin şəkli oldu. Bu şəkli onun sosial şəbəkədəki profilində paylaşdığı son şəkli idi.

Şəkildən nəzərimi ayırmadığımı görən yanımda əyləşmiş xanım da sosial şəbəkədə ən son bu şəklinin paylaşdığını deyir Pərvanənin. Onunla söhbət zamanı öyrənirəm ki, Pərvanənin xalası qızıdır: "Ölüm onu aramızdan vaxtsız apardı. Pərvanə çox həyatsevər qız idi. İnana bimirəm ki, Pərvanə dünyasını dəyişib. Ölümü o qədər ani oldu ki…".

"Elə qardaşını da yuxudan özü oyadıb"


Nitqi qırılan xanım özünü ələ aldıqdan sonra Pərvanənin ölümünə səbəb olan qəzadan danışır: "Xalam deyir ki, həmin gün lap erkən oyanıb yuxudan Pərvanə. Durub saçlarını darayıb, bəzənib-düzənib. Elə qardaşını da yuxudan özü oyadıb. Deyib Rafiq bəsdir yatdın dur gedək işə. Qardaşı deyib bir az da yatım qalxacam. Əl çəkməyib qardaşından. Axır ki, yataqdan durquzub onu. Birgə hamısı səhər yeməyini yedikdən sonra yola çıxıblar. Az keçməmiş qara xəbərləri gəlib".

"Rafiq nə qədər Pərvanənin bağladığı təhlükəsizlik kəmərini açmağa çalışsa da, kəməri aça bilməyib"


Pərvanənin xalası qızı ilə söhbət zamanı öyrənirik ki, qardaşı qəza zamanı Pərvanəni nə qədər xilas etməyə çalışsa da buna nail ola bilməyib: "Qəza baş verdikdən sonra ikisi də huşunu itirib. Maşın kanala düşdüyündən Rafiqin üzünə su dəyəndə huşu özünə gəlib. Bu zaman görüb ki, Pərvanə boğulur. Su maşının Pərvanə olan tərəfinə daha çox dolub. Rafiq nə qədər Pərvanənin bağladığı təhlükəsizlik kəmərini açmağa çalışsa da kəməri aça bilməyib. Bacısını xilas edə bilmədiyindən indi də şokdadır Rafiq. Deyir kaş o təhlükəsizlik kəmərini aça biləydim".

Deyirlər yaxşı dost qazancdır. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Pərvanəni özünə əsl dost hesab etdiyini deyir: "5 ilə qədər idi birgə çalışırdıq. Biri-birimizdən gizlin saxladığımız sirrimiz demək olar ki yox idi. Pərvanənin ölümü mənə böyük itgi odu. Elə itgi ki, mən həyatda o itginin yerini doldura bilməyəcəm. Pərvanə hər dərdimə oduma pərvanə kimi yanardı. Həyatda güvəniləsi dost idi Pərvanə. Heyif vaxtsız getdi aramızdan".

"Arzulayırdı ki, möhtəşəm bir sarayda baş tutsun toyu"


Deyir ki, toyunu bu qədər gözlədiyi halda onun ailə qurmadan bu dünyadan köçdüyünü yada salmaq çox çətindir: "Arzulayırdı ki, möhtəşəm bir sarayda baş tutsun toyu. Həmişə deyirdi ki, Səfayə mənim toyum istəyirəm gözəl bir məkanda olsun. Övlad sahibi olmasını çox arzulayırdı. Bununla belə ailə qurmağa tələsmirdi. Çox istəyənləri vardı. Amma deyirdi ki, ailə məsələsində seçimi düzgün etmək lazımdır. Mədəni, təhsilli, dünyagörüşlü insanla ailə quracağını deyirdi həmişə. Bir də arzulayırdı şəhərdə gözəl bir evi olsun. Hövsandan heç xoşu gəlmirdi. Yolu uzaq olsa da heç vaxt işə gecikməzdi. Həmişə gəlib görürdüm ki, gələn kimi otağı səliqəyə salıb. O qədər geyinib-geçinməyi, şəkil çəkdirməyi sevirdi ki. Deyirdim axırda məni fotoqraf edəcəksən. Elə bil aramızda xatirəsinin qalacağını bilirdi Pərvanə. Arzularına çatmamış dünyasını dəyişdi əziz dostum".

Ağ kəfəndə vağzalı sədaları ilə...


Yas mərasimində öyrəndik ki, anası Pərvanəni ağ gəlinlikdə, qırmızı duvaqda evindən gəlin köçürtmək arzusuna çatmasa da, onu son mənzilə xonça bəzəyərək, vağzalı sədaları altında yola salıb. Bir neçə gün öncə ömrünün 32-ci qışına qədəm basan Pərvanə Məmmədova son mənzilə beləcə vağzalı sədalarının altında yola salınıb. Allah rəhmət eləsin!

Xatırladaq ki, P. Məmmədova yanvarın 9-da saat 10:00 radələrində Bakının Suraxanı rayonunda baş verən ağır yol qəzasında həyatını itirib. Hövsan qəsəbəsində, qardaşı Rafiq Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan P. Məmmədova dünyasını dəyişib.

Zülfiyyə Quliyeva, Mövqe.az
Bağla X