Heydər Əsədov Almaniyaya səfərə gedir

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Berlin şəhərində keçiriləcək ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq "Yaşıl Həftə" sərgisində, sərgi çərçivəsində Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda, habelə Kənd Təsərrüfatı Nazirlərinin 6-cı Berlin Sammitində iştirak etmək məqsədilə 2014-cü ilin 15-19 yanvar tarixlərində Almaniyaya rəsmi səfəri nəzərdə tutulub.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, H.Əsədov adıçəkilən tədbirlərə Almaniyanın qida, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi üzrə federal naziri Hans-Peter Fridrix tərəfindən dəvət olunub.

Səfər çərçivəsində, həmçinin Almaniya Federativ Respublikasının kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əldə etdiyi təcrübə ilə yaxından tanış olmaq məqsədilə müqabil tərəfin müxtəlif sahələrini təmsil edən nümayəndələri ilə müzakirələrin aparılması, eləcə də sərgidə iştirak edəcək kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

AzNews.az