Aydın Məmmədovsuz qırx gün

Aydın Məmmədovun ölüm xəbərindən gün-gün, həftə-həftə ayrıldıqca, dünya get-gedə öz axarına düşdükcə ötən günlərə qayıdıram, yaxın, doğma adamları, onu tanıyanlar və sevənləri ürəyimdəki ağrıyla dindirməyə, dəfələrlə danışdığım xatirələri ağ vərəqlərə köçürməyə başlayıram.

Aydın müəllimin son aylarında keçirdiyi və çəkdiyi ağrıları danışdığı adamlardan biri də mən olmuşam. Onun dilindən eşitdiyim səmimi və böyük həqiqətlər hələ də məndən ötrü dipdiridi. Bu uzaqgörən, siyasətdə və iqtisadiyyatda, ölkənin və respublikanın vəziyyətiylə bağlı verdiyi proqnozların dəfələrlə düz çıxdığını görüb heyrətləndiyim adamın birdən çaşıb bu siyahıya öz ölüm duyğusunu da qatması indi-indi mənə çatdıqca bir vaxt zarafata salıb üstündən keçdiyim, indi yadıma düşdükcə içərimi göynədən sözləri dipdiri məxluq kimi görürəm.

Tərcümə Mərkəzi yaranandan dəfələrlə mənə iş təklif etmişdi və həmişə də bu təklifin mənim üçün nə qədər dəyərli olduğunu anlasam da, etiraz edirdim. Axırıncı dəfə ötən ilin avqustunda yenə bu söhbətə qayıdanda, etiraza heç bir yer qalmamışdı.

Təskinliyim odu ki, birgə işlədiyim bir neçə ay müddətində bizim onu tez-tez incitdiyimiz, durduğu, dayandığı yerdən, məşğul olduğu işlərdən çox-çox aşağı şeylərlə başını qatdığımız, vaxtını aldığımız günlərdə, həmişə, hər dəqiqə Aydın Məmmədovun böyüklüyünü hiss etmişəm. Onunla işləmək adamdan böyük daxili mədəniyyət, qanacaq və ağıl tələb edirdi. Tərcümə Mərkəzində heç vaxt Aydın müəllimin sədrliyi hiss olunmazdı, xırda idarə işlərinə o qədər də fikir verməzdi. Amma mən bir neçə ay müddətində müxtəlif təşkilatlarla əlaqələrdə həmişə onun adının Mərkəzə necə dayaq olduğunu hiss etmişəm. İşçilərinin orta yaşı otuzdan da aşağı olan Mərkəzə Aydın müəllim istedadlı cavanları seçib yığmışdı. Etimad göstərirdi, müstəqilliyə, sərbəst düşünməyə və işləməyə yönəldirdi.

Otağının qapısı heç vaxt bağlı olmazdı. Mərkəzin ən səsli-küylü yeri də buraydı.

– Aydın müəllim, sən Allah, bu qapını ört.

– Darıxıram, tək qalanda darıxıram. Neynəyim ki, xasiyyətimi dəyişə bilmirəm. Buradakıların çoxu mənim dostumdu, yoldaşımdı... Mən onları heç nəyə dəyişmərəm.

Təxminən dörd ay çəkən seçki kampaniyasında Aydın müəllimnən birgə olmuşam. Seçkilər zamanı onun keçirdiyi sarsıntılarının, çəkdiyi ağrılarının şahidiyəm. Camaatın seçkiqabağı görüşlərə və seçkilərə az gəlməyindən, üzə vurmasa da, hiss edirdim ki, narahatdı. Əgər hamının tanıdığı, sevdiyi Aydın Məmmədova bu cür "etimad" göstərilirdisə, o biri "namizədlərin" vəziyyətini təsəvvür edirəm. Görünür, sessiyadakı çıxışlarında, "necə seçildiyimizi axşamlar özümüzə hesabat verək" deməyi də o seçkilərdə Aydın müəllimin keçirdiyi əzab və ağrılardan gəlirdi. O əzabın yolu mənə tanış idi. Seçkiqabağı görüşlərdə arabir ona qarşı deyilən haqsız sözlərə dözməyəndə bayaqdan təmkinlə dinlədiyi adamlara öz həqiqətlərini elə səmimiyyətlə və ağrıyla deyirdi ki, hətta o haqsızlığı deyən kəs də tab gətirmirdi. Neçə belə hadisənin sonu həmin adamların üzrxahlığıyla nəticələnmişdi.

Təskinlik tapdığım bir də odu ki, seçkiqabağı günlərdə, populyar siyasətçinin onun rəqibinə səs verməyə çağıran məktubuna əsəbiləşdiyi vaxtlarda da onu tək qoymamışam.

Deputat seçiləndən sonra Qarabağa getdik. Ağdamda, Ağcabədidə olduq. Bərk yorulmuşdu. Cabirlə çalışırdıq, əlimizdən gələni edirdik ki, onu bu haldan qurtaraq. Amma bizim bütün cəhdlərimiz onun canına hopmuş uzun illərin yorğunluğunu çıxara bilmirdi. Əslində, özü də dinclik həsrətindəydi. Amma görünür, dinclik onun üçün nəsə əlçatmaz bir şey idi.

Təbiətin gözəlliklərinə aludə deyildi, heyrətlənmirdi. Amma deyirdi ki, təbiətin ən çox sevdiyim vaxtı otların təzə-təzə göyərdiyi, ağacların tumurcuqladığı çağlardı. Elə istəyirəm, yazqabağı gedəm, kürəyimi söykəyəm tumurcuqlamış ağaca və dincələm. Mənim yorğunluğum ancaq o cür çıxar – deyirdi. Neçə dəfə bu barədə söhbətimiz olmuşdu və çalışırdım onun arzusunu ürəyində qoymayam. Otların təzəcə göyərdiyi, ağacların təzəcə tumurcuqladığı vaxtı, yəni aprelin axırlarını gözləyirdim.

Rayonlara səfəri çox sevirdi. Dəfələrlə kefi yaxşı olanda günün hər hansı bir vaxtında "çıxaq gedək" deyirdi. Gedirdik rayona, amma orda da dura bilmirdi. "Mənimki yoldu" – deyirdi. "Ən gözəli yolda olmaqdı, yol getməkdi". İndi dəfələrlə dilindən eşitdiyim bu sözləri yolda faciəli ölümündən sonra yadıma salanda tüküm ürpəşir.

Şuşada vertolyot qəzasından sonra bazar günü, aprelin 7-si görüşdük, oturub dərdləşdik. İşdən, Mərkəzdən hal-əhval tutdu. Vertolyot qəzasına işarə edib:

– Heç pis oldular, sən Allah? – soruşdu.

Cəmi iki həftə sonra, o dəhşətli xəbərdən Tərcümə Mərkəzində bir-birinə dəyən işçilərin, hönkür-hönkür ağlayan qızların, kişilərin sifətlərinə baxa-baxa, gözümün yaşını boğa bilməyib üzümü divara çevirəndə o söz yadıma düşdü.

– Çox pis oldular, Aydın müəllim! – dedim.

O zamansa "Allaha şükür, salamatçılıqdı" təskinliyilə bir-birimizi ovutmağımızdan, onu sevən adamlardan danışıb, "vallah, səni çox istəyirlər" demişdim.

Onu, doğrudan da, çox istəyirdilər. Küçədə, bazarda, rayonda, şəhərdə onun başına yığışan camaatın "axırımız necə olacaq!" suallarına bu "Allahı sevən", yaxşı adam təmkinlə, müdrikliklə cavab verirdi.

Mənim sözüm hələ qabaqdadır, – deyirdi. O nə sözüydü görən? Dəfələrlə ağrıyla danışdığı, mənim tablaya bilmədiyim acı həqiqətlərdənmi, yoxsa, insani münasibətlərdən, səmimiyyətin yoxa çıxmasındanmı? Jurnalist dostlarımıza dəfələrlə deyirdi: "məndən həmişə tənqidçi kimi, ədəbiyyatşünas kimi, siyasi xadim kimi müsahibə götürmüsünüz. Bir insan kimi, ata kimi ailədən, evdən-eşikdən danışmaq istəyirəm". Bunu Aqilə də demişdi. Mehmana da, lap sonda Mətiyə də. Və hər dəfə də o yazılmamış müsahibədən danışırdı. Hər dəfə də onun söhbətləri həmin müsahibəni sonraya saxlayırdı. Görünür, bir insan kimi son müsahibəsini vermək qisməti deyilmiş.

Dünyada hər şeydən çox üç balasını sevirdi. "Öz balalarına rəva bilmədiyini başqalarına rəva bilmə" söyləyirdi.

Həmin o yeddi apreldə çox şeylərdən danışdıq. Bayılda, gecəqondu evdə yaşayırdı. Tikdirmək, genişləndirmək istəyirdi. Deyirdim, Aydın müəllim, sənin bu hökumətdən ev almağa haqqın yoxdumu?

– Rəşad, mən deyə bilmərəm ki, mənə ev verin. Desəm, danışa bilmərəm. Bir də ki, ölərəm, yəqin yasıma gələcəklər, evimi görəcəklər, onda görərlər necə yaşamışam, yadlarına düşər. Barı balalarımçün fikirləşərlər.

Bunu da aprelin 7-sində demişdi. Təxminən elə beləcə demişdi. 15-20 gün sonra, onun faciəli ölümündən bir neçə gün keçmiş gəlib şəhərin müxtəlif yerlərində Aydın müəllimin ailəsinə ev təklif eləyirdilər. Və mənim yadıma onun sözləri düşürdü.

Həmin yeddi aprel günü demək olar ki, bir yerdə olduq. Dəniz qırağına gəldik. Çox adamlarla görüşdü. Ağsaqqal Abdulla İbrahimov onu qucaqlayıb kövrək səslə: "Çox şükür, salamatsan" dedi.

Hamı "çox şükür, salamatsan" deyirdi və hamı da deyirdi, gözəlləşmisən (O doğrudan da gözəlləşmişdi). Və Aydın müəllim də neçə dəfə həmin o vertolyot qəzasının necə baş verdiyini hər soruşana danışırdı.

Deyirdi, vertolyotdan atılandan sonra bunu (cibindəki balaca, yaşıl cildli Quranı göstərirdi) cibimdən çıxardım və hamı bir-bir gəlib öpdü. Bizi Allah saxladı və nə yaşayırıqsa, qənimətdi – deyirdi.

Aprelin 18-i Bakıdan çıxanda həmin kostyumu, paltonu geyinməmişdi. Və mən indiyəcən də bilmirəm ayın 20-də o yaşıl cildli Quran Aydın müəllimin cibində olub, yoxsa yox.

Sonrakı günlərdə hiss edirdim ki, hələ o vertolyot qəzasının təsirindən tam ayrılmayıb.

Aydın müəllimin son saatlarının, son dəqiqələrinin şahidi olan dostum Arif Hacıyev bu günlərdə gəlmişdi. Və Aydın müəllimin sonuncu gecə gördüyü yuxusundan, sonuncu saatlarında elədiyi söhbətlərdən danışırdı. Həmin sözlərdən də ölümqabağı hisslərin ovqatı duyulurdu. Arif deyirdi ki, həmin gün danışmağa həvəsi yoxuydu.

Aprelin 20-də, dəfn günü qədim Kiş kəndinin başının üstündə gəzən tənha bulud da ağlayırmış. Onu torpağa qoyanda kəndin başının üstünü alan və dəfnə toplaşanların hamısını heyrətləndirən göyqurşağının çıxmağı da bəlkə Tanrı salamıydı.

Bu gün Aydınsızlığın qırxıncı günüdü. Şəkidə, qədim Kiş kəndində, artıq boy atan yaşıl otların, yarpaqlayan ağacların arasında, Aydının məzarı başındayıq. Və mən soruşmaq istəyirəm:

– Yorğunluğun çıxdımı, AYDIN müəllim?

525.az