18:31
(077) 610-22-33

“30 mindən artıq yeni iş yeri açılacaq“- Elmar Məmmədyarov

  • >
798 13 Yanvar 2014 16:31 | Cəmiyyət

"Şahdəniz" qazının hasilatı və Avropaya çatdırılması layihələri bir daha göstərir ki, Azərbaycan yalnız diversifikasiya olunmuş təchizat marşrutu ilə deyil, eləcə də bu təchizatın diversifikasiya olunmuş mənbələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

AzNews.az-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya KİV-lərinə müsahibəsində bildirib.

TANAP və TAP layihələrinin əhəmiyyətindən danışan nazir, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanmasına dair 17 dekabr 2013-cü il tarixində Bakıda keçirilmiş mərasimdə Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin regionun və Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib.

Nazir iştirakçı dövlətlər, eləcə də Avropa İttifaqı və digər tərəfdaş dövlətlərdən olan yüksək səviyyəli nümayəndələrin "Şahdəniz-2" yekun investisiya qərarının imzalanması mərasiminə qatılmasının layihənin həyata keçirilməsi üçün nümayiş etdirilən əzm və niyyətin təzahürü olduğunu qeyd edib.

"Cənub qaz dəhlizi" konsepsiyası gündəmə gətiriləndən etibarən Azərbaycanın onun həyata keçirilməsi üçün ardıcıl siyasi iradə nümayiş etdirdiyini deyən E.Məmmədyarov bu dəhlizin vacib strateji komponenti kimi TANAP layihəsi təşəbbüsünün meydana çıxmasının Azərbaycanın bu məsələdə nə dərəcədə əzmli olmasının sübutu olduğunu deyib.

Dünyanın böyük enerji layihələri sırasında olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası üçün 45 milyard ABŞ dolları dəyərində sərmayə yatırılacağını və bu xətt boyunca 30 mindən artıq yeni iş yerinin açılacağını qeyd edən E.Məmmədyarov layihənin birinci mərhələsində 10 milyard kubmetr, növbəti mərhələlərdə isə 20 milyard kubmetrdən artıq Azərbaycan qazının ixrac ediləcəyi barəsində məlumat verib.

Ümumiyyətlə, Azərbaycanın enerji siyasətinin qarşılıqlı faydalı əməkdaşlıq, kommersiya baxımdan səmərəlilik, istehlakçı və istehsalçıların maraqlarının nəzərə alınması, şəffaflıq, etibarlılıq və davamlılıq kimi prinsiplərə söykəndiyini deyən nazir bu layihənin orada iştirak edən dövlətlərin iqtisadi inkişafına və bu dövlətlər arasında əməkdaşlıq və dostluğun daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

AzNews.az
Bağla X