“ADA” Universiteti yaradıldı - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev "ADA" Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında, ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universiteti yaradılsın.

Nazirlər Kabinetinə tapşırılıb ki, "ADA" Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində, Azərbaycan Prezidenti aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin, "ADA" Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.



AzNews.az