05:49
(077) 610-22-33

Leyla Əliyeva BMT-nin mənzil-qərargahında olub

  • >
273 13 Yanvar 2014 21:49 | Cəmiyyət

Yanvarın 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Keniyanın paytaxtı Nayrobidəki mənzil-qərargahında olub.

Leyla Əliyevaya UNEP-in fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılan bu proqramın məqsədi indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorumaq və bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə altı böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi altında hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.

Sonra Leyla Əliyevanın BMT baş katibinin müavini, UNEP-in icraçı direktoru Axim Ştayner ilə görüşü oldu.

IDEA-nın ətraf mühitin qorunması istiqamətində gördüyü işlərdən xəbərdar olduğunu və bunu yüksək qiymətləndirdiyini deyən BMT rəsmisi bildirdi ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və bu məsələdə maraqlı olan tərəflər ilə sıx əməkdaşlıqda maraqlıdır. Axim Ştayner UNEP-in ekoloji sahədə bir çox irimiqyaslı layihələr həyata keçirdiyini dedi, bu məsələdə müxtəlif qrup insanlar, o cümlədən gənclərlə qarşılıqlı fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırdı.

Leyla Əliyeva Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə reallaşdırdığı layihələr barədə məlumat verdi. Azərbaycanda dövlət tərəfindən həyata keçirilən ekoloji siyasətdən bəhs edən Leyla Əliyeva 2011-ci ildə başladılan IDEA kampaniyası çərçivəsində görülən işlərdən danışdı, müxtəlif ölkələrdən olan gənclərin bir araya gələrək ətraf mühitin qorunması ilə bağlı layihələr hazırladığını bildirdi. "Bu kampaniya ətraf mühitin müsbət və dayanıqlı inkişafını təmin etmək məqsədilə gənc nəsil üçün vacib olan dialoq, fəaliyyət, liderlik və məlumatlılıq prinsiplərinə əsaslanır", - deyən Leyla Əliyeva Azərbaycan hökuməti, IDEA və UNEP-in 2012-ci ilin noyabrında Bakıda keçirdiyi "Yaşıl həftə" tədbirinin əhəmiyyətini vurğuladı və BMT baş katibinin müavinini Bakıya səfərə dəvət etdi.

Görüşdən sonra rəhbərlik etdiyi IDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dedi:

- IDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşəbbüsdür. Biz Qafqazın ən böyük təşkilatıyıq və gənclərlə işləyirik. İki il ərzində biz bir çox layihələrə imza atmışıq. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə yaşayan üç milyon gənci ehtiva edir. Bizim digər beynəlxalq layihəmiz fotoqraf Reza Diqqəti ilə birlikdə təşkil etdiyimiz "Dünya uşaqların gözü ilə" layihəsi idi. Bu layihədə 98 ölkədən 1200 uşaq iştirak etdi.

Məlumatlılığı artırmaq üçün əlbəttə ki, ən mühüm məsələ təhsildir. Artıq bizim təşkilat universitetlərdə ətraf mühitlə bağlı təlimlər aparmaqdadır. Ölkəmizdə məktəblər üçün ətraf mühit dərslikləri üzərində çalışırıq. Fikrimcə, dünya miqyasında məlumatlılığı artırmaq vacibdir. Gənclərlə işləməyin ən maraqlı tərəfi odur ki, onları bir az həvəsləndirdikdə çox fəallaşırlar və artıq özləri başqalarını həvəsləndirməyə can atırlar. Fikrimcə, indi daha çox gənc ətraf mühit layihələrində iştirak edir.

Leyla Əliyeva dünyada, o cümlədən Qafqazda nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı bir neçə layihənin həyata keçirildiyini, bu sahədə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi, Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla birgə tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı. (Trend)
Bağla X