Sərdar Cəlaloğlu dünyanı şoka salacaq

ADP sədrinin əsasını qoyduğu yeni elmlə bağlı Nobel Komitəsinə müraciət etdiyi bildirilir

"Hürriyyət" qəzetinin yazdığına görə, elmi fikirləri ilə hər zaman gündəmdə olan S.Cəlaloğlu bir ildən çoxdur ki, üzərində çalışdığı nəhəng elmi layihəni başa çatdırmaq üzrədir. Qəzetin "Bəşər tarixinin ən böyük kəşfi" başlıqlı yazısında bildirilir ki, o, açıqlamasında dünyanı şoka salacaq fikirlər irəli sürüb:

"O, condisiologiya adlı elmin əsasını qoyub. Condisiologiya- mütləq haqqında elmdir ki, bu da yalnız ali dərəcəli elm xadimlərinə deyil, hər bir sadə vətəndaşa mütləq həqiqəti görməyə, bu günə qədər cavabsız qalan bir çox suallara müstəqil şəkildə cavab tapmağa imkan verəcək.

Başqa sözlə desək, S.Cəlaloğlunun banisi olduğu condisiologiya elmini dünya elmində mövcud olan bütün susqunluqların, müşküllərin açarı hesab etmək olar. Cavabı olmayan və ya hələlik məlum olmayan istənilən sualın cavabını bu elmlə tapmaq mümkündür.

Çünki condisiologiya elmi bütün bu suallara nəinki cavab verir, həm də bu cavabları o qədər sadə və inkaredilməz məntiqlə əsaslandırır ki, bu məntiqə qarşı durmaq, onu hansısa şəkildə təkzib etmək sadəcə mümkünsüzdür. Condisiologiya elminin daha bir özəlliyi- elmlə dinin barışdırılmasıdır. Condisiologiya elminin digər bir üstünlüyü minilliklərdir davam edən din və elm qarşıdurmasına son qoyması, hər iki müstəvidə Allah və yaradılışla bağlı prinsipial mövqeləri bir araya gətirməsidir.

Bu günə qədər din və elm bir-birini təkzib edən, qarşı cəbhələrdə yer alan sahələr hesab edilsə də, condisiologiya elmi bunun heç də belə olmadığını, əksinə, elm və dinin bir-biri ilə heyrətamiz dərəcədə uyuşduğunu, bir-birilərinin baxışlarını təsdiq etdiyini sübut edir. Condisiologiya elmi sübut edir ki, din və elmin Allah və yaradılış məsələsində bir-birinə əks mövqelərdə dayanması ilə bağlı yaradılan təəssürat əslində əsassızdır. Dünyanın Allah tərəfindən yaradıldığını, bütün böyük elmi kəşflərin bu həqiqəti inkar etmədiyini, əksinə, təsdiq etdiyini isbatlayan bu elm, bunun əksinə, dini bilgiləri inkar edən bəzi müddəaların və kəşflərin yanılmadan başqa bir şey olmadığını da təsdiq edir.

Bu baxımdan, condisiologiya elmini yalnız elmdə deyil, həm də dində mövcud olan bütün qırmızı nöqtələr üçün işıq hesab etmək olar".

S.Cəlaloğlu qəzetə müsahibəsində bildirib ki, sözügedən elmin əsasını İslam dininin müqəddəs kitabından götürüb: "Qurani-Kərimdə belə bir ayə var ki, başa düşmək istəyənlər üçün mənim ayələrimdə hikmətlər var. Axtarışların nəticəsində Quranın bir ayəsində Allah-təalanın dünyanı necə yaratmasının kodunu açmışam və həmin kod əsasında Condisiologiya elmi meydana çıxıb".

Moderator.az-ın məlumatına görə isə, özündə yüzlərlə elmi kəşfi ehtiva edən Condisiologiya elmi ilə bağlı S.Cəlaloğlu artıq Nobel Komitəsinə də müraciət edib: "Sərdar Cəlaloğlu Nobel Komitəsinə müraciət edərək öz elmi kəşfi və onun əhəmiyyəti haqqında adıçəkilən qurumu məlumatlandırıb.

Nobel Komitəsindən isə bildirilib ki, məlum kəşf quruma Azərbaycandakı hansısa ali təhsil müəssisəsi, akademiya və elmi yaradıcılıq mərkəzləri tərəfindən təqdim edilməlidir. Odur ki, yaxın günlərdə Sərdar Cəlaloğlunun nəhəng elmi müəssisələrdən birinin xətti ilə bəşər tarixinin ən böyük kəşfi sayılacaq icadını Nobel Komitəsinə təqdim edəcəyi gözlənilir".

Musavat.com