05:59
(077) 610-22-33

Baş nazirin müavini bələdçilərdən 10 gün vaxt istədi (YENİLƏNİB)

  • >
486 14 Yanvar 2014 11:13 | Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri Nazirlər Kabinetinə məktub göndərib.


Bələdçilərdən AzNews.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin binası qarşısında yanvarın 13-də keçirilən aksiyasından sonra baş nazirin müavini Əli Həsənov qəbulunda olublar və hökumətə rəsmi şəkildə məktubla da müraciət ediblər.

Məktubda qatar bələdçiləri qarşılaşdıqları problemin həllini istəyiblər: "Biz 20 ildən artıqdır Bakı-Xarkov istiqamətində bələdçi vəzifəsində çalışırıq. Belə olan halda, bizim qadın bələdçilərlə əvəzlənməsini isə təəssüflə qarşılayırıq. Amma buna baxmayaraq, daxili qatar reyslərində də bələdçi vəzifəsində işləməyə razıyıq. Bu şərtlə ki, məvacibimiz Azərbaycanın orta əmək haqlarına uyğunlaşdırılsın və bizə işdə qalmaq zəmanəti verilsin".

Baş nazirin müavini Əli Həsənov görüşdə bələdçilərin şikayət məktubuna 10 gün müddətində baxılacağını söyləyib.

Məlumatı bizimlə bölüşən aksiya iştirakçısı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradovun AzNews.az-a açıqlamasında onlar haqda dediklərini də cavablandırıb. O bildirib ki, heç bir məhkəmə qərarı olmadan, Sərnişin daşımaları Departamentinin rəisinin onları qaçaqmalçılıq yolu ilə qatarlar vasitəsi ilə sərhəddən qeyri-qanuni yüklərin keçirilməsində günahlandırmasını düzgün hesab etmirlər: "Biz 20 ildən artıq ki, bu vəzifədə çalışırıq. İmkanımız yaxşı olsaydı, bu yaşımızda ev-eşiyimizdən didərgin düşüb günümüzü qatarlarda niyə keçirdərdik? Bu fikirlər bizi işimizdən uzaqlaşdırmaq üçün bir bəhanədir".

Xatırladaq ki, yanvarın 13-də "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib. Onlar işdən uzaqlaşdırılmalarına etiraz ediblər.

***
Nazirlər Kabinetinin mətbuat xidmətindən isə AzNews.az-a bildirilib ki, narazı qatar bələdçiləri Əli Həsənovla deyil, Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri Elşən Hacızadə ilə görüşüblər. Görüşdə qatar bələdçilərinin şikayətləri dinlənilib və məsələnin araşdırılacağı deyilib.

Amid Əyyuboğlu
AzNews.az

Bağla X