Əlixan Musayevdən cavab: “O, fitnəyə əl atır”

Əlixan Musayev "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanov və Mədinə Şəhəri Beynəlxalq İslam Universitetinin bir neçə məzunlarının adından imzalanan bəyanatına cavab verib.

AzNews.az-a daxil olan bəyanatda Q. Süleymanovun onun barəsində səsləndirdiyi fikirlərə şərh verilib:

"Guya mən, Əlixan Musayev Suriyaya gedərək vuruşan qardaşlara dəstək verir, mücahidlərlə yaxın təmasdayam, mövqeyim isə "xəvariclər" mövqeyinə daha uyğundur. Buna cavab olaraq aşağıdakıları bəyan etməyi zəruri bilirəm.

Əvvəla Qamət Süleymanovun fəaliyyəti haqqında qısaca söz açmaq istərdim. "Əbu Bəkr" məscidi ətrafında baş verən məlum hadisələrdən sonra geniş kütlə arasında nüfuzunun get-gedə aşağı düşməsini görən bu adam artıq neçənci dəfədir ki, fitnələrə əl atır. Məni təkfirçilikdə ittiham edən Qamət, APA-da yayılan bəyanatla faktiki olaraq özü məni təkfir edir. Bunun da müəyyən səbəbləri var. İslam elmləri cəhətdən demək olar ki dərin məlumatı olmayan Qamətin ətrafında bir zamanlar toplaşan qardaşlar onun naşılığı və səriştəsizliyinə əmin olduqdan sonra daha doğru söz deyən, daha elmli insanların axtarışına çıxırlar.

Bunu anlayan Qamət isə, aşkar, intellektual elmi bəhslərdə aciz olacağını əvvəlcədən anlayaraq belə çirkin, İslama və müsəlmana yaraşmayan vasitələrə əl atır, yanındakı qardaşları da aldadır, səhv yola yönəldir.

Bu fitnə artıq əhli-sünnə vəl camaat arasında bir neçə xoşagəlməz qarşıdurmalara (İçəri şəhər məscidi, Müşfiqabad qəsəbə məscidi və başqa yerlərdə) gətirib çıxarmışdır. Bu da, bir müsəlman kimi, məni çox üzür və mən onun səhvlərini anlayaraq tövbə edib Allahdan bağışlanma istəməsi üçün Rəbbimizə dua edirəm.

O ki, qaldı Suriyada baş verən döyüşlərdə iştirak etmək üçün bu ölkəyə yollanan azərbaycanlılara, mən dəfələrlə bəyan etmişəm və bir daha təkrarlayıram: Suriyadakı hazırkı şəraitdə gedən döyüşlərə qatılmaq sələf əqidəsinə ziddir. Həmçinin bununla bağlı dəlilə əsaslanan bir cihad fətvası da yoxdur. Əgər kimsə Suriyaya gedib əlinə silah alıb vuruşursa, fitnəyə uymuşdur.

Yeri gəlmişkən, məni Suriyada vuruşanlara dəstək verməkdə ittiham edən Qamətin özünün "Youtube"də yayılan videosunda ordakı terrorçulara "Allah onlara kömək olsun" kimi dua etməsi əks olunub. Bunu nəzərə alaraq bir daha təkrarlamaq yerinə düşər ki, Qamətin məni hədəfə almasının kökündə heç də İslam təəssübü, yaxud Suriyada öldürülən aldadılmış müsəlmanlara canı yanması dayanmayıb. Çox təəssüf ki, Qamətin məqsədi yalnız özünə rəqib hesab etdiyi ilahiyyatçıları nüfuzdan salmaqdır.

Bunun üçün məscidlərdə, qardaşlar arasında böhtan yaymaqdan tutmuş, mətbuatda, internetdə böhtan xarakterli anonum yazılar yaymağa qədər, hər cür müsəlmana yaraşmayan hərəkətlərə də indiyədək əl atılıb. Bu proses bu gün, dünən başlamayıb və uzun illərdir ki, davam edir.

Sonda isə bir daha bütün azərbaycanlı müsəlmanlara səslənərək bəyan edirəm ki, Qarabağ kimi poroblemi olan vətənimizi tərk edib Suriyada bəlli olmayan məqsədlər üçün pərdəarxası qüvvələrə xidmət etməkdən, ən acınacaqlısı isə, canlarını boş yerə fəda etməkdən vaz keçsinlər".

AzNews.az