ANS-in işdən çıxarılan əməkdaşı danışdı

"ANS televiziya kanalından işdən azad edilməyim özümdən asılı olmayan səbəblərdən baş verib".


Bunu AzNews.az-a açıqlamasında ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov deyib. O bildirib ki, işdən çıxarılması ilə bağlı mediada yayılan xəbər həqiqətə uyğundur və artıq dekabrın ortalarından kanalla əməkdaşlığını dayandırıb.

O, işdən azad edilməsinin səbəbləri haqqında da danışıb: "ANS -dən çıxmağım özümdən asılı səbəblərdən deyil. Digərləri necə işdən uzaqlaşdırılıblarsa, mənim də işdən çıxmağım bu formada olub. Sadəcə sözügedən həmkarlarımdan fərqli olaraq məni daha əvvəl, dekabr ayında işdən kənarlaşdırdılar. Mənimlə birgə çalışan operator Fərid Əliyev isə ANS-in mərkəzi ofisinə aparıldı".

N. Hüseynov Fərid Əliyevin isə ötən gün işdən azad edildiyini söyləyib: "Dünən də onu eyni səbəbdən işdən azad ediblər. Ona deyiblər ki, əgər bu adamlar bölgədə ixtisara salınıblarsa, gəlib mərkəzdə işini davam etdirə bilməzlər".

Qeyd edək ki, AzNews.az-a daxil olan məlumata görə, ANS-in Göyçay muxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılıb.

Maraqlıdır ki, ANS ŞİRKƏTLƏR QRUPU MMC-də ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov isə kütləvi çıxarılmaların baş vermədiyini bildirib.

Amid
AzNews.az