15:58
(077) 610-22-33

ƏSGƏR ÖLÜMLƏRİ – faciəli statistika, yoxsa statistika faciəsi?!

  • >
1 443 15 Yanvar 2014 10:41 | Cəmiyyət

Bir insanın ölümü faciə, milyonların ölümü statistikadır. Bunu Çörçilin "kotanla Rusiyanı qəbul edib, nüvə silahı ilə təhvil verən" siyasətçi kimi xarakterizə etdiyi Cuqaşvili - İosif Vissarionoviç Stalin deyib.

Özü də zamanında və vaxtında. O Cuqaşvili ki, "xalqlar atası" çağrılsa da sağlığında, daha çox zamanın yaddaşında "xalqlar qatili" kimi faciəli statistika müəllifi kimi qalıb!

"Azərbaycan Ordusunda bir əsgərin ölümü ailəsi üçün faciə, dövlət, mətbuat, beynəlxalq institutlar üçünsə statistikadır". Bunu isə mən deyirəm və mənə elə gəlir ki, bu ifadəni mən də zamanında və vaxtında deyirəm.

***
Əsgər ölümündən dəhşətli an yoxdur - hamı üçün, başda dövlət olmaqla!

Əsgər ölümündən betər ailə faciəsi yoxdur - valideynlər üçün!
Əsgər ölümündən xəcil, rəzalətli, utancverici bir şey yoxdur - komandir üçün!

Əsgər ölümü sahibsiz məzarı xatırladar, əsgərin öldüyü və intihar etdiyi post isə əsgərlərin şəhadət yeridir – faciə və statistika üçün!

***

Vətəndaş olaraq məni narahat edən əsas amil orduda əsgərlərimizin ruh yüksəkliyi, peşəkarlardan təşkili və "Ermənistanı 24 saata işğal edərik!" şüarı kimi arzu və istəklərimizin reallığa çevrilməsi, gerçəkləşməsidir.

Daha doğrusu, məni düşündürən bu qələbəyə çatdıran üsul, yol və vasitələrin hansılar olduğudur. İlk növbədə isə qələbə və uğur haqqında xəyal etməzdən də öncə, düzünü bilmək lazımdır: ordumuzun vəziyyəti ürəkaçandırmı? Və ya ordunun daha da yaxşı olması, mətbuatın manşetində yer alan ƏSGƏR ÖLÜMLƏRİnin qarşısını almaqdan ötrü hansı təbliğatı işə salmalıyıq?

***
Əsgər həm söz, həm də varlıq olaraq, dünən də əzizimiz olub, bu gün də, sabah da əzizimiz olacaq!

Əsgər ölümü 1918-ci ildə də nə qədər yanğılı, ürəkdağlayan olubsa, 1941-45-də də, bu gün də elə elədir!

Bir sözlə, əsgər söz kimi də, varlıq kimi də köhnəlməyən, dilimizdən, andımızdan, evimizdən əskik olmayan beş-on müqəddəslik anlamından biridir.

1918-ci ildə erməni savaşında şəhid olan, Şamaxı yolundakı məzarlıqda dəfn olunan adsız türk mehmetciyinin məzarı ilə, 1992-93-cü illərin Qarabağ savaşında şəhid olmuş hər bir Azərbaycan əsgərinin məzarı eyni statusda bizə əzizdir.

Torpaqlarımız uğrunda şəhid olmuş əsgərlərimizin tarix baxımından məsafəsi nə qədər uzaq olsa da, mənəvi baxımdan bizə şah damarımız qədər yaxındır.

Əsgər də, şəhid də, onun məzarı da ayaq saxlayıb önündə baş əyəcəyimiz bir ünvandır – heç bir şəkk, şübhə olmadan!

Şübhələrimizin ünvanı isə ordumuzda az qala hər gün, hər ay intihar edən əsgərlərimizin ordunu sarsıdan intihar statistikasıdır!

***

Son iki-üç ayda hərbi-vətənpərvərlik mövzusunda beş-on yazı ilə ölkənin aparıcı saytlarında çıxış etmişəm. Amma yazının içində müharibə ilə bağlı epizodlara az yer vermişəm. Əvvəla, müharibə başlayandan atəşkəs əldə olunana kimi, döyüşdə iştirak edən əsgər və komandirlər qala-qala, müharibədən yazmaq istəməmişəm.

Müharibə iştirakçısı olmasam da, atəşkəs dövrünün zabiti olmuşam. Həm də döyüş bölgəsində, ön cəbhədə, səngərdə və başı daima qarlı, bəlkə, xəcalətundənmi, ya düşmənə təslim omamaqdanmı buza dönən Murov ətəyində və Murov dağında düşmənlə üz-üzə...

Atəşkəs dövrü olsa da, səhər saat 11-də başlayıb, gecə saat 1-də bitən atışmalardan tutmuş, düşməni cəhənnəmə vasil edənə, 400 kilometr yolu şəhidi müşayət edib doğmalarına təhvil verənə qədər… (Mənim tabeliyimdə olan bölüyün əsgəri yox, qonşu taborun.A.A).

***

SÖZARDI: Komandiri olduğum əsgərlərin içində anası narkotik üstündə türmədə yatandan tutmuş, xidmətə qədər oğurluq və narkotik qəbul edənlər və hətta qardaşı və kürəkəni güllələnmiş "döyüşçülərim" var idi.

Onları düşmənlə üz-üzə saxlamağa gətirib çıxaranacan sərf olunan enerji və əsəbdən danışmaq istəmirəm, amma yaddaş üçün deyirəm: düzdü, o əsgərlər xidmətdən evə gedəndə tam başqa ruhda getdilər, ancaq əsgərin psixoloğıyasını bilmədən əsgərə silah vermək, ondan döyüş tapşırığını yerinə yetirməyi tələb etmək də düzgün deyil.

***

Əsgər psixologiyası demişkən, bu sahə üzrə ixtisaslaşan zabitlərin nüfuzu və vəzifəsi aşağı salınanda belə də olmalıdır!

Əgər hərbi prokurorluğun baş leytenant rütbəli müstəntiqi Müdafiə Nazirliyinin mayorunu, polkovnikini, hətta hərbi hissə komandirini belə, qapısının arxasında saatlarla gözlədirsə, əsgər ölümləri, əsgər intiharı Azərbaycan Ordusundan əskik olmayacaq!

Əgər hərbi prokurorluğun müstəntiqinin hər həftə, - lap belə şahid kimi, - çağırışına cibindən 100-200 manat pul verib taksiylə Murovdan düşən zabit heç vaxt əsgərin tərbiyəsinə görə başını ağrıtmaz!

***

Çox təəssüf ki, görünməyən qüvvələr Müdafiə Nazirliyini yetim uşağa bənzətmək istəyirlər! Halbuki Şəmkir korpusunda N sayli briqadanı coğrafi mövqeyinə görə idarə etmək cətindir, nəinki digər qoşun növlərini bütövlükdə idarə etmək! Həmçinin Bərdə hərbi birləşməsində N saylı hərbi hissənin düşmənlə yaxınlığına görə əziyyəti…

Əgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri arıq-uruq, cılız və xəstə çağırışçıları birbaşa cəbhə bölgəsinə, idmançıları, varlı balalarını "meskombinat"lara göndərəcəksə, onda cənab general-polkovnik Zakir Həsənov, əziyyət çəkməyinə dəyməz! İnanmırsınızsa, səngərdə dayanan əsgərin cibindəki bloknotda yazılan "POST" sözünün açmasını oxuyun: Pullu Oglan Səngər Tanımaz!!!

Müdafiə Nazirliyi əsgər ölümlərini ən azından minimuma endirmək üçün ağır şəraitdə düşmənlə durduğu üzbəüz mövqelərdən daha çox, ətrafdakı özümüzünkülərdən qorunmalıdır. Çünki düşmən düşməndir və düşmənlə üzbəüz dayanıb qorunmaq çox asandır!

***

Mən bu yazını sənə görə yazdım gələcəkdə özünü asmaq, ya gülləni başına sıxıb intihar etmək istəyən Azərbaycan əsgəri!
Mən bu yazını sənə görə yazdım səngərdə 24 saat ayaqqabılarını belə çıxarmayan Azərbaycan zabiti - sənə kimsə çamur ata bilməz səngərdə balasından çox əsgərini düşünən zabit! Çünki bundan sonra Azərbaycanın şərəfli zabitini yalandan çamurlayan istənilən şəxsi mübtədayla güllələyib, xəbəriylə dəfn etməyə sadiq döyüş və səngər silahdaşınız var:

Aqil Alışov,
ehtiyatda olan baş leytenant

AzNews.az
Bağla X