01:08
(077) 610-22-33

Elnarə Tofiqqızının ölümü ilə bağlı müraciət araşdırılır

  • >
546 15 Yanvar 2014 10:48 | Cəmiyyət

"Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertizanın rəyi açıqlanandan sonra bu barədə dəqiq nə isə demək olar. Bu əməliyyat bütün dünyada narkozla aparılır və həmin əməliyyatları narkozsuz etmək mümkün deyil".


Bunu APA-ya açıqlamasında mərhum tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının üzərində cərrahiyyə əməliyyatı aparacaq mütəxəssislərdən biri, Müdafiə Nazirliyinin Baş Klinik Hərbi Hospitalının həkimi Mahir Məmmədov bildirib. M. Məmmədov hadisə ilə bağlı ekspertizanın rəyini gözlədiyini deyib.

M. Məmmədov E. Tofiqqızının vəfat etdiyi "Medi Sina" klinikasında işləmədiyini də qeyd edib: "Mən Müdafiə Nazirliyinin hospitalında işləyirəm. Xəstənin həkimi Fərəcullah İdrisova onun hospitalda əməliyyat olunmasını təklif etdim, amma həkim razılaşmadı".

M. Məmmədov E. Tofiqqızının ölümü ilə bağlı istintaqa ifadə verdiyini də açıqlayıb.

Elnarə Tofiqqqızına narkoz vermiş anestezioloq Firuz İbrahimov isə açıqlamasında xəstənin əməliyyata hazırlanmazdan öncə ürəyinin kardioqram edildiyini, nəticənin çox normal olduğunu deyib: "Ümumiyyətlə, anesteziyada risk yoxdur, orda riskin azlığı və ya çoxluğu var. Anesteziyada əks göstəriş də yoxdur. Elnarə Tofiqqızı risk qrupuna aid olan xəstə idi. Çəkisi 100 kiloqramdan artıq olan xəstələr anesteziya əməliyyatında riskli xəstə sayılır".

F. İbrahimov həmçinin anesteziyanı cərrah Mahir Məmmədovun təlimatı ilə keçirdiyini bildirib: "Əməliyyatda iştirak edən cərrah Mahir Məmmədov "Medi Sina"da birinci dəfə əməliyyata girdiyini dedi. Ümumiyyətlə həmin klinikada cərrahiyə şöbəsi tam standartlara cavab vermirdi".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə açıqlamasında bildirib ki, E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin səhiyyə naziri Oqtay Şirəliyevə ünvanladığı müraciət araşdırılır. Araşdırmaların sonunda Elnarə Tofiqqızının ölümündə günahı olan həkimlər barəsində qanunla müvafiq qaydada tədbir görüləcək.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb.

Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Qeyd edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib.

A. Niftəliyev o zaman bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib:

"Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb.

Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib".

A.Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G.Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib:

"Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".


AzNews.az
Bağla X