Bakuinfo.az 1 yaşını qeyd edir


Bakuinfo.az saytının bu gün 1 yaşı tamam olur.

Saytın baş redaktoru Əvəz Qurbanlı AzNews-a açıqlamasında saytın birillik fəaliyyətinə münasibət bildirib:

"Biz bu yola çıxanda qarşımızda böyük çətinliklərin dayandığını görürdük. Rəqabətin geniş olduğu bir müstəviyə daxil olmaq, mübarizə aparma və duruş gətirmək heç də asan deyil. Xəbər saytları çoxdur; belə bir şəraitdə hansı özəl cəhətlərlə diqqət cəlb etmək olardı? Bu məsələ bizi çox düşündürürdü.

Biz sonda bu qərara gəldik ki, ucuz reytinq dalınca qaçmayaq, etikadan kənar xəbərlərdən qaçaq, ictimai-siyasi mühitdə orta mövqeyi qoruyub saxlayaq. Dəqiqləşdirilməmiş xəbərləri tələsik verib oxucuları çaşdırmayaq və s. Bir sözlə, ziyalı auditoriyası formalaşdıraq. Əlbəttə, bütün bunlardan sonra auditoriyamız çox kiçik ola bilərdi. Amma bizi kəmiyyət yox, keyfiyyət maraqlandırırdı.

Heç nəyə baxmadan yola çıxdıq və hazırda da prisiplərimizə sadiq şəkildə fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimiz dövründə saytımızın özünü demək olar ki, reklam edib tanıtdırmadıq. Bu 1 il ərzində, sadaladığımız və sadalamadığımız şərtlər çərçivəsində nələrə nail olmuşuq - qoy bunu oxucular qiymətləndirsinlər" - deyə Ə.Qurbanlı vurğulayıb.

AzNews.az