Prezidentin ötən ildəki ölkədaxili fəaliyyəti – Statistika

"Azərbaycan" qəzeti prezident İlham Əliyevin 2013-cü il üzrə fəaliyyətinin bir hissəsindən bəhs edən yazı dərc edib.

AzNews.az-ın məlumatına görə, "36 rayon və şəhərə səfər, 131 sosial obyektin açılışı" başlıqlı məqalədə dövlət başçısının ölkə daxili fəaliyyətinin statistikası öz əksini tapıb.

Məqalədə bildirilib ki, 2013-cü ildə Prezident İlham Əliyev Qəbələ (2 dəfə), Hacıqabul, Mingəçevir, Qobustan, Sumqayıt (2 dəfə), Şirvan, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz, Şabran, Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lənkəran, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Gədəbəy, Quba (2 dəfə) və Qusarda səfərdə olub. Ümumilikdə götürdükdə isə dövlət başçısı bölgələrə 39 dəfə səfər edib.

Dövlət başçısı ötən il şəhər və rayonlara etdiyi səfərlər zamanı mühüm sosial obyektlərin açılışında, habelə bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak edib.

Ümumilikdə Prezident şəhər və rayonlara etdiyi 39 səfəri zamanı 131 sosial obyektin açılışında iştirak etmiş, 43 mərkəzdə aparılan təmir - tikinti, əsaslı bərpa və yenidənqurma işləri və yaradılan şəraitlə tanış olmuşdur.

Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin statistikasına nəzər saldıqda görərik ki, 1 ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 hotel kompleksi, 6 Mədəniyyət Mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi (2 Atıcılıq klubu, 2 Regonal Boks Mərkəzi, 1 Milli Qolf Klubu) 5 Mərkəzi Xəstəxana, 3 körpələr evi - uşaq baxçası, 2 muzey, 2 Elektrik Stansiyası, 1 hava limanı tikilib istifadəyə verilmişdir.

Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də, 16 rayonda avtomobil yolunun açılışında iştirak etmişdir. Eyni zamanda Prezident İlham Əliyev 3 rayonda 4 yeni körpünün açılışı mərasiminə qatılmış, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olmuşdur.

2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

AzNews.az