ANS-in işdən çıxarılan əməkdaşları ilə bağlı yeni MƏLUMAT


ANS-in kütləvi şəkildə işdən uzaqlaşdırılan bölgə müxbirlərindən bəzisinə bir ay vaxt verilib.

AzNews.az-a daxil olan məlumatlara görə, işdən çıxarılmaları ilə bağlı xəbərlərin yayılmasından sonra bəzi əməkdaşlarla əlaqə saxlanılıb və onlara yanvarın sonuna qədər işə davam etmək tapşırığı verilib.

Həmin əməkdaşlarla bağlı qərarın ayın sonunda qəbul ediləcəyi və işdən azad edilmənin rəsmən həmin tarixdən hesablanacağı bildirilir. Lakin işdən azad edilən əməkdaşların heç də hamısına yanvarın sonuna qədər zaman verilməyib.

AzNews.az-a açıqlamasında ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov kanalla əməkdaşlığını dayandırdığını bildirib. O həmçinin operator Fərid Əliyevin də işdən azad edildiyini təsdiqləyib.

Xatırladaq ki, AzNews.az yanvarın 14-də ANS-in Göyçay müxbiri Günel İsayeva, operator Təbriz Hacıyev, Qazax üzrə müxbiri Vasif Abdıyev və operator Rəşad Əlisgəndərli, Cəlilabad bürosunun müxbiri Rəhman Məlikov və 13 ildən çox bu TV-də çalışan operator İlqar Mustafayev, Şirvan şəhəri üzrə müxbiri Nəriman Hüseynov və operator Fərid Əliyev işdən çıxarılması haqqında xəbər yaymışdı.

Elnur
AzNews.az