“Avro 4 standartı”na keçidlə əlaqədar işlərə başlanıldı


Gələn il Azərbaycanda Avro-4 ekoloji normaları tətbiq ediləcəyi ilə bağlı, bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mətbuat konfransi keçirilib.

AzNews xəbər verir ki, mətbuat konfransında çıxış edən Komitənin Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib ki, 9 yanvar 2014-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi keçirilmiş Nazirlər Kabinetinin iclasında ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə qarşı ciddi mübarizənin aparılması və vətəndaşların ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq işlər sürətləndirilib.

Sabiq Abdullayev havanı çirkləndirən əsas amilin məhz avtonəqliyyat vasitələri olduğunu qeyd edərək, ekologiyanın qorunmasında "Avro 4 standartı"na keçidin zəruri olduğunu bildirib. Bundan başqa Azərbaycanın müşahidə olunan sürətli inkişafını nəzərə alaraq ölkənin avtoparkının müasir avtomobillərlə əvəzlənməsi məqsədilə "Avro 4 standartı" mühüm rol oynadığı qeyd edilib.

Onun sözlərinə görə, "Avro 4 standartı"nın 1 aprel 2014-cü il tarixindən tətbiqi ilə bağlı artıq müvafiq qurumlar səlahiyyətlərinə uyğun olaraq işlərə başlanılıb.

Xatırladaq ki, "Azərbaycanın ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına əsasən 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələlərindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekoloji normaları tətbiq ediləcəkdir.

Amid
AzNews.az