ANS-in mәhkәmәyә verdiyi sayt redaktorları danışdı

İşgüzar nüfuzuna xələl gətirən materiallar dərc etdikləri iddiası ilə ANS tərəfindən məhkəməyə verilən xəbər saytlarının baş redaktorları telekanalın məhkəmə iddiasına münasibət bildirdilər.


"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədov: - Vallah mən bilmirəm bu cəddinə qurban olduğum niyə belə bir qərara gəlib. Dünən mən fikirləşdim ki, bu qərəzli olar və dəqiqləşdirmədən yazmaq istəmədim. Ağlabatan informasiya olmadığı üçün "Azvision" onu vermədi. Qurban olduğum yenə bizə məhkəməyə verdi. Nə bilim yəqin zəng-zad gəlib də... Qısacası hüquqi olaraq heç bir əsası yoxdur.



"Aznews.az" saytının baş redaktoru Elçin Zahiroğlunun fikrincə, ANS-in onları məhkəməyə verməsi əsassızdır: "Bizim ANS-lə bağlı xəbərimizi telekanalın rəsmisi Mais Məmmədov təsdiqləyib. Bundan başqa, yazdığımız xəbəri ANS-in Şirvan şəhəri üzrə keçmiş müxbiri Nəriman Hüseynov da saytımıza verdiyi açıqlamada təsdiqləyib və işdən azad olunduğunu bildirib".



"Publika.az" saytının baş redaktoru Bəxtiyar Əlirzayev media qurumları arasında məhkəmə çəkişmələrini qəbuledilməz hesab edir: - Düşünürəm ki, bu məsələlər öz aramızda həll olunmalıdır. Qaldı onların bizi məhkəməyə verməsinә, bunu anlaya bilmirəm. Bizim saytda ANS-lə bağlı üç xəbər gedib, onlardan biri istinadla, digər ikisi isə ANS rəsmilərinin açıqlamaları olub. Onların bizi məhkəməyə verməkləri son günlər telekanal ətrafında baş verən gərginliklə bağlıdır. Çünki bizim ANS-lə bağlı verdiyimiz məlumatda heç bir məhkəmə predmeti yoxdur. Hesab edirəm ki, telekanal rəhbərliyi məhkəmə iddiasını geri götürəcək.

Xatırladaq ki, bu gün ANS Müstəqil Yayım və Media Şirkəti işgüzar nüfuzuna xələl gətirən materialların mətbuatda yayılması iddiası ilə Aznews.az, İnterpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az xəbər portallarını məhkəməyə verib. (Axar.az)