“Ziyalılar Forumunun nüfuzu Milli Şuradan xeyli çox idi” – Müsahibə

Yazıçı Əkrəm Əylisli AzNews.az-a müsahibə verib. O, müsahibəsində Ziyalılar Forumunda baş verənlərə, o cümlədən ziyalıların siyasi proseslərə qatılması haqda danışıb.


- Bu yaxınlarda Ziyalılar Forumunun üzvü Elçin Şıxlı bu qurumla bağlı açıqlamasında bildirib ki, proses siyasi müstəviyə keçib. Ona görə də Ziyalılar Forumunun fəaliyyəti yoxdur. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı...


- Elçin Şıxlının fikri ilə razıyam. Ziyalılar Forumu yenidən təşkil olunmalıdır. Bu qurumun təsis olunması təşəbbüsü Rüstəm İbrahimbəyovdan gəlmişdi. Eldar Namazov isə Forumun formalaşması üçün təşkilatı işləri həyata keçirmişdi. İndi isə Forum üzvlərinin demək olar ki, yarısı bütünlüklə siyasətdədir.

Gözlənilmədən Rüstəm İbrahimbəyov da siyasi proseslərə qoşuldu. Bundan başqa, uzun müddətdir qurumun toplantısı da keçirilmir. Əslində isə qurum heç olmasa ayda bir dəfə toplaşıb, ölkədə baş verən ictimai proseslərə, hadisələrə öz münasibətini bildirməlidir. Əgər bu toplantılar təşkil olunmursa, o zaman Ziyalılar Forumu nə üçündü? Quru ad lazımdır?

Fikrimcə, Ziyalılar Forumu yenidən təşkil olunmalıdır. Bunun necə olacağına dair isə yeni yaradılan qurum üzvləri cavab verəcəklər. Rüstəm İbrahimbəyovun dəstəyi ilə yaradılan Ziyalılar Forumunda isə əvvəlcədən şərt qoyulmuşdu.

- Həmin şərt nədən ibarət idi?


- Deyilmişdi ki, Ziyalılar Forumu siyasətdən uzaqda duracaq və üzvlər də fərd olaraq siyasi fəaliyyətlə məşğul olmayacaqlar. Forumun bütün üzvlərinin fəaliyyəti ictimai həyata söykənəcək.

Bu gün isə cəmiyyət Ziyalılar Forumunun böyük hissəsini siyasətçi kimi tanıdı. Əgər cəmiyyət bu qrupu siyasətçi kimi qəbul edirsə, tanıyırsa, onda bizim şərt artıq formasını dəyişmiş oldu. Yəni şərt yuxarıda qeyd etdiyim məsələ ilə bağlı idi.

Rüstəm İbrahimbəyov özü burada yoxdursa, artıq bu sualların verilməsinə ehtiyac yoxdur. Onun təşkilatçılığı altında yaranmış təşkilat onsuz necə işləyə bilər? Əgər o, özü Azərbaycanda yoxdursa, iclaslara qatılmırsa, müzakirənin nədən getdiyini bilmirsə bu necə təşkliat rəhbəri ola blər?

Əgər o, özü Azərbaycana qayıdaraq, təşkilatın fəaliyyətini yenidən bərpa etmək istəyərsə, bu zaman Ziyalılar Forumunun Məramnaməsi həyata keçirilməlidir. Yəni qurum siyasi proseslərdən kənarda dayanmalıdır.

Məsələ burasındadır ki, bu Məramnamə Rüstəm İbrahimbəyovun özü tərəfindən pozulub. Çünki Rüstəm İbrahimbəyov özü siyasətə qoşulub. Lakin mən şahidəm ki, bu qurum yarananda Rüstəm bəy siyasətə qoşulmaq istəmirdi. Sadəcə, belə alındı. Bunun müxtəlif səbəbləri var. Hamısını izah etmək olmaz.

Məsələ burasındadır ki, Rüstəm İbrahimbəyov siyasətə getsə də, ürəyi Forumda qaldı. Forumda aydın mənzərə vardı. Orada hər dəqiqə dərdləşmək, müzakirələr aparmaq onun özünə də zövq verirdi. İnsanın hər an kiminləsə dərdləşməsinə ehtiyac var. Ora müxtəlif baxışlı insanlar yığışırdı. Bu ziyalıların ünsiyyətə ehtiyacı idi. Əsas məqsəd də bu idi.

- Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri, eyni zamanda üzvüdür. Əgər Ziyalılar Forumu yenidən təşkil olunarsa, Rüstəm İbrahimbəyov orada təmsil olunmaq hüququ qazanacaq?


- Bunu Rüstəm İbrahimbəyov deyə bilər. Bəlkə heç gəlməyəcək ya da Foruma üzv olmayacaq. Tutaq ki, biz onu yenidən təşkil etdik. Əvvəl bu forumun 6 nəfər aparıcı qüvvəsi vardı - Rüstəm İbrahimbəyov, Eldar Namazov, Ramiz Rövşən, Cəmil Həsənli bir də mən. Sonra siyahı artdı. Amma bu 6 nəfərin ətrafında böyük ziyalı qüvvəsi toplanmışdı. Forum cəmiyyətdə rəğbət yaratmışdı.

Mən təəssüf edirəm ki, forum siyasətə qatılanda rəğbətini də itirdi. Çünki onlar öz enerjisini Milli Şuraya xərclədilər. İndi papağımızı qabağımıza qoyub fikirləşməliyik. Ona görə ki, ziyalı dividentini yenidən qazanmalıyıq. Bu olmasa alınmayacaq. Ziyalılara olan inam, hörmət bərpa olunmalıdır. Əgər sən mənə inanmasan arxamca gələrsən? İlk növbədə o inam qazanılmalıdır. Xalq həmişə ziyalılardan nəsə gözləyir. Siyasətlə məşğul olmaqla Ziyalılar Forumu öz ziyalı nüfuzunu haradasa itirdi. Bu faktdır.

- Sözlərinizdən belə anlaşılır ki, Milli Şura ziyalıların hörmətini, nüfuzunu kölgə altına aldı?


- Bəli, Milli Şura siyasi məqsədləri olan bir təşkilatdır. Amma Ziyalılar Forumunun heç vaxt siyasi məqsədi olmayıb. Forumun öz ampulasında fəaliyyət göstərməsinə imkan vermədilər, sıxışdırdılar. Bircə şey deyə bilərəm. Ziyalılar Forumunun nüfuzu Milli Şuradan xeyli yuxarıda idi. Bunu hamı bilirdi.

- Ziyalılar Forumunun ilk yaradıcılarından sayılan Rafiq Əliyev və siz Milli Şurada təmsil olunmadınız. Əgər təklif gələrsə, Milli Şuraya üzv olarsınız?


- Bunu Rafiq Əliyevin özündən soruşmaq lazımdır. Rafiq Əliyevi tanıyan adam kimi deyə bilərəm ki, o da mənim fikirdə olacaq. Mənə gəlincə isə cəmiyyətdə nüfuzu, hörməti olan bir təşkilat yaradırıq, onda deyərəm ki, gəlin bu barədə düşünək.

- AXCP-Müsavat arasında qarşılıqlı ittihamlara münasibətinizi də bilmək maraqlı olardı...


- Mən siyasətçi deyiləm. O işlərə qəti şəkildə qarışmıram.

- Ümumiyyətlə, ziyalıların bir-birini təhqir etməsinə necə baxırsınız?


- Mən prosesləri kənardan izləyirəm. Bilmədiyim şeylər var. Əgər nəyisə bilmək istəyirsənsə, hadisələrin arasında deyil, içində olmalısan. Bilmədiyim bir şeylə bağlı fikir deməkdə həmişə ehtiyat etmişəm.

Bahar Rüstəmli
AzNews.az