"İstərdik ki, münasibətlər media müstəvisində tənzimlənsin" "İstərdik ki, münasibətlər media müstəvisində tənzimlənsin"

Mətbuat Şurasından ANS-in məhkəmə qərarına- Reaksiya

"İstərdik ki, münasibətlər media müstəvisində tənzimlənsin"





Mətbuat Şurası "ANS"in işgüzar nüfuzuna xələl gətirən materiallar yaymaqda ittiham etdiyi bir sıra sayt və portalları məhkəmə verməsinə münasibət bildirib.

Şura sədri Əflatun Amaşov "Qafqazinfo"ya açıqlamasında teleşirkətin belə bir addım atmaqda sərbəst olduğunu bildirib:

""ANS"i başa düşürük. Yoxlanmamış materiallarda yayımlanan fikirlər imiclə bağlıdır. Söhbət ölkə teleməkanında kifayət qədər nüfuzu olan, geniş tamaşaçı auditoriyasına malik qurumdan gedərkən məsələnin bu sayaq reaksiya doğuracağı gözlənilən idi. Narazılıq yenə də məsələyə peşəkarlıqla yanaşılmamasından, peşə məsuliyyətsizliyindən qaynaqlanıb, yəni balans gözlənilməyib, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməyib. Qeyd edək ki, son vaxtlar bu sayaq hallar çap mediadan çox özünü xəbər portallarında daha qabarıq biruzə verməkdədir. Bu kimi məsələlər Mətbuat Şurasını ciddi narahat edir.

O ki qaldı "ANS"in məhkəməyə müraciətinə teleşirkət bu məsələdə tamamilə sərbəstdir, bu onun müstəsna hüququdur. Ancaq Mətbuat Şurası istərdi ki, münasibətlər media müstəvisində tənzimlənsin. Çünki bunun üçün hələ imkanlar mövcuddur. Praktik fəaliyyətdə bu müstəvidə tərəflərin daha çox fayda götürdüyünə dair kifayət qədər nümunələr mövcuddur.

Xatırladaq ki, bu günlərdə mətbuatda ANS Şirkətlər Qrupunun satışa çıxarılmasına, eyni zamanda telekanalda kütləvi ixtisarlar aparılmasına dair xəbərlər yer almışdı. Öz növbəsində telekanal işgüzar nüfuzuna maddi və mənəvi xələl gətirdiyi səbəbi ilə Aznews.az, Interpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Presspost.az portallarını məhkəməyə verib.

AzNews.az