Heydər Əliyev Fondu Budapeştdə yataqxana tikdirir

Bu gün Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Battiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlanlar və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təntənəli təməlqoyma mərasimi keçirilib.

Bu xeyriyyə layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Hazırda bu mərkəz uşaq evi, uşaq bağçası və ibtidai məktəbdən ibarətdi. Müəssisə açılandan bəri uşaqlar burada xüsusi təhsil almaqla yanaşı, müxtəlif reabilitasiya proqramları və hərəkət imkanlarının, fərdi qabiliyyətlərinin artırılmasına yönəlmiş təmrinlər vasitəsilə müalicə olunur, habelə peşə vərdişlərinə yiyələnirlər. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib.

Təntənəli mərasimdən əvvəl Mərkəzin binasında Macarıstanın baş naziri aparatının xarici siyasət və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Peter Siyarto və Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayevin görüşü olub. Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və mərkəzin rahibəsi Anna Fexer iştirak ediblər.

Çıxışlardan sonra qonaqlar mərkəzin ərazisinə keçiblər. Keşiş Jolt Sereç yeni binanın tikiləcəyi yerə təntənəli şəraitdə müqəddəs su çiləmi, binanın təməli qoyulub.


AzNews.az