18 məmur cinayət başında yaxalanıb 18 məmur cinayət başında yaxalanıb

2013-cü ilin korrupsiya statistikası açıqlandı

18 məmur cinayət başında yaxalanıb





Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2013-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

K.Əliyev bildirib ki, ötən dövrlərdə olduğu kimi 2013-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter almış, mütərəqqi institusional tədbirlər həyata keçirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilmiş hesabatın nəticələrinə görə ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalmışdır. Bununla yanaşı, "Transparency İnternational"ın təqdim etdiyi 2013-cü ilin "Korrupsiya Qavrama İndeksi"ndə Azərbaycan əvvəlki illə müqayisədə 12 pillə irəliləməklə qiymətləndirmə balı 28 olmuş, bununla da ölkəmiz son illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləyişini davam etdirməklə indeksə daxil edildiyi 2000-ci ildən olan müddətdə ən yüksək nəticəni göstərib.

Bundan başqa, 15 iyul 2013-cü il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin regiona ilk səfəri çərçivəsində Bakıda keçirilən mətbuat konfransında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını, korrupsiyanın aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldığını vurğulaması da xüsusi qeyd edilib.

Onun sözlərinə görə, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, eyni zamanda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2013-cü ildə də uğurla davam etdirib.

Həmin müddət ərzində idarə tərəfindən vətəndaşların 1860 müraciətinə baxılmış, həmçinin 230 cinayət xarakterli material araşdırılmışdır. Həmin cinayət xarakterli materialların 69%-i üzrə cinayət işi başlanmış, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

İdarənin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 5311 müraciət daxil olmuş, həmin müraciətlərin 26-ı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 16-sı üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Bununla yanaşı, korrupsiya ilə əlaqədar olmayan müraciət müəlliflərinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulmuş hüquqlarının bərpası ilə bağlı ətraflı izahlar verilib.

2013-cü il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət etmiş 205, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınmış, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılmışdır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 7 cinayət işi başlanmışdır. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

2013-cü il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

2013-cü il ərzində də korrupsiyaya qarşı mübarizə sahəsində idarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Belə ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilmiş, həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.


AzNews.az