00:37
(077) 610-22-33

Gənclər təşkilatı illik hesabatını verdi

  • >
351 17 Yanvar 2014 10:27 | Cəmiyyət


Gənclər üçün Təhsil Mərkəzi 2013-cü ilin yekunlarına dair illik hesabatını ictimaiyyətə təqdim edib.


Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığın artırılmasının vacib olduğunu bildirərək, bütün qeyri-hökumət təşkilatlarını gördükləri işlər barədə ictimaiyyəti məlumatlandırmağa çağırıb.

Daha sonra Mərkəzin ötən il ərzində gördüyü işlər barədə geniş məlumat verilib. Bildirilib ki, Mərkəz gənclərin hərtərəfli inkişafına kömək etmək məqsədilə 20-dən artıq iri, 100-ə yaxın kiçik layihə həyata keçirib.

Sözügedən layihələrin maliyyələşdirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosu, Qlobal Fond, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" Proqramı, "World Vision" Beynəlxalq Humanitar Təşkilatı, Təhsilə Dəstək Proqramı və s. qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 40-a yaxın şəhər və rayonunda həyata keçirilib, ümumilikdə 25 min nəfərə təsir edib.

Mərkəz öz fəaliyyət dairəsini genişləndirmək və həyata keçirdiyi layihələrin keyfiyyətli icrasını təmin etmək məqsədilə, Ağcabədi rayonunda Qarabağ Regional ofisini yaratmış, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki ofislərinin maddi-texniki bazasını gücləndirib. Beynəlxalq əməkdaşlığın artırılması və Avropa gənclər məkanında yer tutmaq üçün Mərkəz üzvlərinin ölkənin hüdudlarından kənarda təşkil edilən tədbirlərdə iştirakı gündəmdə olub.

Belə ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də 100 -ə yaxın gənc müxtəlif konfrans, təlim, sərgi, simpozium və başqa tədbirlərdə Mərkəzi təmsil edib.

Eyni zamanda, Mərkəz tərəfindən təşkil edilmiş 5 beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycana müxtəlif ölkələrdən 150 gənc gəlib. Mərkəz 2013-cü ildə ən böyük uğura imza ataraq, Avropa Gənclər Klubları Konfederasiyasının tam hüquqlu üzvü seçilib və Azərbaycanı həmin qurumda təmsil etmək imkanı qazanıb.

F.Həsənzadə həyata keçirilmiş proqram və layihələr, regional ofislərin fəaliyyəti, Mərkəzin tərkibindəki klublar və "QHT Məktəbi", beynəlxalq əməkdaşlığın qurulması, 2014-cü ildə planlaşdırılan fəaliyyətlər və digər məsələlər üzrə konfrans iştirakçıları tərəfindən səsləndirilən sualları da cavablandırıb.

Elnarə
AzNews.az
Bağla X