03:15
(077) 610-22-33

Regionlarda jurnalistika təlimləri

  • >
587 17 Avqust 2012 10:19 | Cəmiyyət

Goranboyda keçirilən iki günlük təlimdə 20 nəfər gənc iştirak edib



Regional İnsan Hüquqları və Media Mərkəzi Goranboy rayonunda gənclər üçün təlim keçib. Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlunun AzNews.az-a verdiyi məlumatına görə, "Region gənclərinin media sahəsində, sosial şəbəkələrdə iş bacarıqlarının artırılması və bloqqerlik fəaliyyətinin genişləndirilməsi" layihəsi çərçivəsində keçirilən təlim iki gün davam edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində keçirilən təlimlərdə Goranboy rayonundan olan 20 nəfər gənc iştirak edib. Gənclər tərəfindən maraqla qarşılanan təlimlərə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri də qatılıb.

Qeyd edək ki, təlimdə media üzrə ekspert Ələsgər Məmmədli gənclərə jurnalistikanın əsas şərtləri, jurnalistin vəzifələri, ifadə azadlığının prinsipləri, mövzuların seçilməsi, oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması haqqında məlumat verib. İştirakçılara informasiya və məlumat əldə etmək hüquqları, informasiya əldə edilməsinin əsas prinsipləri, informasiya əldə edilməsinin təşkili, informasiyanın açıqlanması üsulunun seçilməsi haqqında danışılıb. Həmçinin, təlimdə iştirakçılara insan hüquqlarının qorunmasında mətbuatın imkanlarından yetərincə istifadə edilməsi yolları, informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar (sorğuların hazırlanması, müraciətlər və məhkəmələrə müraciət), internetin verdiyi imkanlar, sosial şəbəkələr və geniş informasiya yayımının təşkili məsələləri ilə bağlı nəzəri və təcrübi biliklər əldə edə bilib. Gənclər vətəndaş jurnalistikası, bu sahədə uğurlu təcrübələr barədə məlumatlandırılıb.

Digər təlimçi Qafqaz Media Tədqiqatları Mərkəzinin rəhbəri Anar Orucov isə iştirakçılara bloqqerlik fəaliyyəti, bloq yazmaq (poçt növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli), sosial şəbəkələrdə iş bacarıqları, yaradılan bloqların mütəmadi olaraq informasiyalarla zənginləşdirilməsi, bloqları məşhurlaşdırmaq və yaymaq, bloqun idarə olunması barədə məlumat verib. Həmçinin, gənclərə sərbəst fikir bildirmək, sosial, iqtisadi və hüquqi problemləri işıqlandırmaq bacarıqları aşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində ilk təlim 11-12 avqust tarixlərində Ağdam rayonunda keçirilib.

Sevinc
AzNews.az

Bağla X