Dövlət Komitəsindən Vüqar Həşimov haqda açıqlama

Diasporla İş üzrə Dövlət Komitəsi Almaniyanın Frankfurt-Mayn şəhərində şahmat üzrə Azərbaycan çempionu Vüqar Həşimovun cənazəsinin vətənə yola salınma mərasimi ilə bağlı yalan məlumat yayması ilə bağlı iddialara münasibət bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləmin APA-ya verdiyi məlumata görə, yanvarın 13-də Vüqar Həşimovun cənazəsinin vətənə yola salınma mərasimi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda heç nə təhrif olunmayıb və oluna da bilməz.

Dövlət Komitəsi məlumatda adı göstərilən bütün təşkilatların nümayəndələrinin də mərasimə qatıldığını qeyd edib: "Biz sadəcə, Vüqar Həşimovun xatirəsinə ehtiramın ifadəsi olaraq bu mövzuda müzakirələri davam etdirmək istəməzdik. Azərbaycanın adını ucaltmış və gənc yaşında dünyasını dəyişmiş bir insanın adı ilə bağlı mərasimin mətbuatda müzakirə mövzusuna çevrilməsini doğru saymırıq. Belə bir mərasimdə iştirak etmək hər bir azərbaycanlının vətənpərvərlik borcudur və iştirak edənlərin hər biri də oraya könüllü olaraq getmişdilər. Eyni zamanda bəzi şəxslərin bir ailənin itkisi, bir gəncin faciəsindən özünüreklam məqsədilə istifadə etmək cəhdlərindən də dərindən təəssüflənirik. Biz bir daha hər kəsi diqqətli olmağa, mövzunun həssaslığını nəzərə almağa, bu cür mənasız və lüzumsuz müzakirələri davam etdirməməyə çağırırıq".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi bundan öncə Frankfurt hava limanında toplaşan Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və NRV Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələrinin mərhum qrossmeysterin xatirəsini bir dəqiqəlik sükutla yad etdiyi barədə məlumat yayıb. Ancaq Almaniyada yaşayan soydaşlarımızdan birinə istinadən bir sıra mətbuat orqanları anım mərasimində Şimali Reyn-Vestfaliya əyaləti Alman-Azərbaycan Mədəniyyət (NRV) Cəmiyyətinin sədri Təranə Tağıyevanın, Diasporla İş üzrə Dövlət Komitəsi ilə heç bir əlaqəsi olmayan təşkilatların, qürbətdə yaşayan həmvətənlərimizin və Maynts, Frankfurt-Mayn şəhərlərindən gələn gənclərin iştirak etdiyini, Avropa Azərbaycanlıları Konqresi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin isə tədbirdə iştirak etmədiyi barədə məlumat yayıblar.

AzNews.az