“İqtidar müxalifətsizlikdən əziyyət çəkir” - Deputat



"Biz iqtidar olaraq gücsüz, səriştəsiz, heç nəyi bacarmayan, gələcəyi görə bilməyən müxalifətsizlik sindromundan əziyyət çəkirik".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramov deyib.

Y. Abramov bildirib ki, prezident seçkisi öncəsi Azərbaycan müxalifəti birlik yaratsa da, indi o dağılmış durumdadır:

"Onlar qalib gəlmək üçün Milli Şura adlı bir qurum yaratdı. Amma çox keçmədi onlar parçalandılar. Bunu Milli Şura yox, bir sıra insanların təşkil etdiyi dərnək də adlandırmaq olar.

Hesab edirəm ki, Azərbaycan müxalifətində təmsil olunan insanlar həyatını yaşayıb və onlar təqaüdə çıxmalıdırlar. Onlar Azərbaycan tarixində üzərinə götürdükləri missiyanı yerinə yetirə bilmədilər. Ona görə də bu insanlar siyasətdən və müxalifətçilikdən imtina etməyə çalışmalıdırlar. Onlar öz yerlərini həmin missiyanı həyata keçirə bilən gəncələrə verməlidirlər".

Deputat deyib ki, müxalifət güclü olarsa, iqtidar daha da güclənər:

"Müxalifət yalnız stol davası aparır. Bu müxalifət müasir tariximizdə bir neçə dəfə həyat sınağından çıxdı. Xalq kimin-kim olduğunu bilir. Hesab edirəm ki, hazırkı müxalifətin siyasət limiti qurtarıb. Müxalifətin enerjisi tükənib və onların köhnə yanaşmaları bu gün nəticəsizdir. Xalq artıq görür ki, Azərbaycan müxalifətinə yalnız vəzifə üçün çalışır".

Amid
AzNews.az