Elşad İskəndərov: “Xalq sanki yetim qalmışdı“

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini konfessiya rəhbərləri, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların, eyni zamanda, Qarabağ döyüşlərində iştirak etmiş veteranların iştirakı ilə xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə "20 yanvar: Milli-mənəvi dəyərlərin zəfəri" adlı anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələri müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir.

Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinə ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini deyən komitə sədri qeyd edib ki, dahi şəxsiyyət hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə qarşı çıxaraq Azərbaycanın haqq səsini müdafiə edib. E.İskəndərov informasiya blokadasının olduğu bir zamanda bunu misilsiz bir addım adlandırıb:

"Həmin vaxt xalq sanki yetim qalmışdı. Hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici KİV-lər də susurdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltdı. Bu, bir tərəfdən də informasiya blokadasının yarılması idi. Çünki ümummilli liderin nüfuzu sayəsində SSRİ-nin, eləcə də müxtəlif ölkələrin KİV nümayəndələri bu bəyanatı işıqlandırdılar."

Komitə sədri qeyd edib ki, zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycan bütün sınaqlardan uğurla çıxıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünü deyən ölkələr siyahısına daxil olub.

Tədbirdə çıxış edən "20 yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə bildirib ki, həmin gün azərbaycanlılarla yanaşı, 7 millətin nümayəndələri də qətlə yetirilib. Bu fakt özü sübut edir ki, Sovet İmperiyası siyasətinin məqsədi ümumiyyətlə millətlərin müstəqilliyinə yol verməmək idi:

"20 yanvar hadisələri milli-azadlıq hərəkatı idi. Bu gün də hər bir vətəndaş, hər bir gənc Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaybaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə hazırdır".

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov həmin gün baş verənlərlə bağlı acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şəxsən özü də 20 Yanvar hadisələrinin şahidi, eyni zamanda, həmin faciə nəticəsində yaralanmış mərkəzin direktorunun fikrincə, 20 yanvar hadisələri tarixmizin qəhrəmanlıq simvolu olub:

"Azərbaycanın milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi".

Daha sonra çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq bu günə qədər cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini ifadə edib və milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulayıblar.

AzNews.az