Sabir RÜSTƏMXANLI Sabir RÜSTƏMXANLI

And yerimiz (20 Yanvarla bağlı yazı)

Sabir RÜSTƏMXANLI


Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa qoymayan 20 yanvar fəlakətindən sonra ilk müraciətim də, verə biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da müqəddəs və böyük xalqın adınadır!

Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa silahı olmayan, əli bağlı, lakin faciələrin içində də gözəllik və mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və məğrur
xalq qalıb!

Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan xalq!
Bir söz deyə biliriksə ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı ünvan axtarmıram!..

Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı dilimdə donub qalan bu söz idi: Xalqımın qanı tökülmüşdü...

Göz yaşı yağışı altında, gül-çiçək ümmanından ömrün son sahilinə üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən alqırmızı
bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki ifadəni görəndə bir daha inandım: uduzduğumuzu uduzmuşuq, bundan belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!...

Bu milləti millət eləyən, minillərin fəlakətlərindən keçirib qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu. Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir ata-ananın övladları deyil: Onları
millətin taleyi doğub!

Azərbaycanın bu başından o başına hüznlü-hüznlü asılan qara bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları, gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı görəndə başa düşdüm: şəhid ölümü son deyil, başlanğıcdır!

Elə bil torpağımız qısırlaşmışdı: Bakıda, Gəncədə, Naxçıvanda, Lənkəranda, Gədəbəydə tökülən qanlarımız onun bərəkətini qaytardı!
Şəhid dahilərimizdən biri — Şeyx Məhəmməd Xiyabaninin sözləri yadıma düşdü: Qurbanlar milləti təmizləyir! Bilirsiniz nə qədər ehtiyacımız var bu təmizliyə! Güney Azərbaycanı milli azadlıq hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: Azadlıq ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!...

Azadlıq ağacımız quruyurdu yavaş-yavaş... Yanvar ayında qanlı çiçəklər açdı!... Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun, dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik.

Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım! Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların da var.
Qurbanların sümükləri üstündə tikilən azadlıq binasını sonra öz övladlarının əli ilə dağıtdırıblar.

Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan bir "lider" sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına, ümidlərinə uzaqdan, həsrətlə baxa-baxa!

Lakin alçaqların xalqa nə dəxli! Xalq şahid olan, qurban gedən və dərd çəkəndir! Boş əllə hərbi texnikanın yolunu kəsən, ürəyinə, gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardı — xalq!

Bakının o ağır, qanlı günlərini görəndən sonra özümü sanki yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə Cəlillərin, Məmməd Əmin Rəsulzadələrin, Şeyx Məhəmməd Xiyabanilərin, Üzeyir bəylərin, Cavidlərin hansı mənəvi gücdən yarandığı indi mənə aydın oldu.
Bugünkü "zəifliyini" özünə sığışdırmayan və əlacsızlığını dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bələyən bir xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.

Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanı, Dağüstü parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil "açmışdı". Sanki Azərbaycan
torpağının özü köksündən yaralanmışdı və fışqıran qanı qərənfil yağışı kimi iki milyonluq şəhərin başına yağırdı...

Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də gözəllik duyğusunu unutmayan, Şahidlər xiyabanına güldən hasar çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan xalqımın ürəyindəki
gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı qarşısında baş əyirəm.

Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: Mənim bir oğlum var,
təsadüfən sağ qalıb. Sevinmirəm! Oğul böyüdürük torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir. Anaları bu cür düşünən millət də xoşbəxtdir!

...Dəfn günü Şəhidlər xiyabanında özünə yer tapa bilənlərin çoxu qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı onlara
doğru çevirdi. Qadınlardan biri əlini qaldırdı, gül dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların qara geyimi görünməz oldu. Sanki bir dirijor çubuğunun işarəsiylə üstlərinə qırmızı gül "örpəyi" çəkmişdilər!

Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudu — xalq dediyimiz!... Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca nöqtəsində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə
1990-cı ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı. Çoxumuz unutmuşduq indi əyləncə yerinə döndərilmiş bu parkın 1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir "qulaqburması" verdi ki, indiki qurbanlarımızın hesabına bütün şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət yeri olsun!..

* * *
Qanımız tökülmədən, qurban vermədən ötüşmək olmazdımı? İndi bu sual milyonlarla adamı düşündürür. Sumqayıt hadisələrinin kimlərin ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin təəccüb
doğurduğunu, ona qarşı ciddi iğtişaş hazırlandığını, Mərkəzin demokratiya oyununu kiminsə başında çatlayacağını, rəhbərlərimizin qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə bir tələyə düşdük, düşməni sevindirdik?... Bu sualların hamısının cavabı veriləcək.

Gələcək üçün yeni "ağ ləkələr" qoyub getməyə haqqımız yoxdur. Mərkəzi mətbuat həqiqəti nə qədər ciddi ört-basdır etməyə çalışsa da, respublika mətbuatı nə qədər sussa da tarix sözünü deyəcək...
Mən konstitusiyanın kobudcasına pozulduğunu, fövqəladə vəziyyətin qeyri-qanuni elan edildiyini bir kənara qoyub (bu hamıya məlumdur), daha çox özümüzə aid məsələlərə toxunmaq istəyirəm.

Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardakı "bu işdə hamımız günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara bilməmişik" fikri ilə mən də razıyam. Yəni, Azərbaycan xalq hərəkatı, əslində xalqın bütün intellekt, güc, zəka, siyasi mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bir çox real qüvvələr xalq hərəkatından kənarda qalıb.

Bunun bir səbəbi xalq hərəkatını idarə edənlər arasında uzun müddət mövcud olan qısqanclıq, "mənəmlik" duyğusudursa ("ziyalılar satqındır", "məndən düz adam yoxdur" və s.), digər səbəbi hamin iddiaçı tərəflərin, real qüvvələrin, ziyalıların, mütəxəssislərin tərəddüdü, ətaləti, cəsarətsizliyidir...

Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin "saman altından su yeritməsi", xalq hərəkatında pozuculuq işi aparması, onun sıralarına "öz adamları"nı doldurub təfriqəçilik etməsidir. Təəssüf ki, bu kənar qüvvələr xalq hərəkatının bəzi liderlərinə də təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub.

Xalq hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaları inkar edən, vahid bir
platformada birləşmək tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla "kooperativ cəbhələr", yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə qarışır.

Hamı da xalqın adından danışır. Pərakəndəlik camaatı çaşdırır. Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza belə ləkə yaxmaqdan çəkinməyən, yalan və böhtan dolu yazılar bir-birini əvəz edir. Ağır yas günlərimizdə ümumi işimizə mane olan belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin hərəkat, nəhayət, faciəli yanvar günləri saf-çürük edilib qiymətləndirilməsə, kimin kimliyi bilinməsə sabah yenə kim daha bərk söyərsə, daha sürətlə uçuruma apararsa milli qəhrəmana dönəcək, real vəziyyəti görənlərə "qorxaq" və ya "xain" damğası vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan başlamalı olacağıq...

Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna yıxmaq istəyənlər də çoxdur. Ölkə rəhbərinin çıxışlarında, mərkəzi mətbuat səhifələrində, hər yerdə AXC müxtəlif, bir-birinə zidd mövqelərdən atəşə tutulur. Həbs olunmuş bəzi səbatsız cəbhə üzvləri təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum ssenari üzrə müsahibə verirlər. Azərbaycanda Demokratik hərəkatın başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır.

Biz məsuliyyəti boynumuzdan atmırıq. Ola bilsin ki, bu fəlakətin qarşısını almaq üçün və ya itkini azaltmaq üçün daha nə isə də etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə qoşun yeridiləcək. Ölkənin bütün ordu növləri iki milyonluq şəhərə basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq – dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə veriləcək, sırf simvolik xarakter daşıyan piket və "barrikadalar" — silahlanmış düşmən cəbhəsi kimi "qəhrəmanlıqla" ləğv ediləcək, uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək. Kimin ağlına gələrdi ki, Sov.İKP MK-nın və Ali hakimiyyət orqanının rəhbərliyi səviyyəsində oyun gedə bilər; ziyalılarla, qadınlarla görüşlərində dönə-dönə "arxayın olun, ordu Bakıya girməyəcək!"— deyən Mərkəz nümayəndələri bir gün sonra "öz vəzifələrini yerinə yetirib", yəni, respublikanın rəhbərliyini kənar edib, əmri yerinə yetirib, Bakını ağlar
qoyacaqlar. Kimin ağlına gələrdi ki, səni xarici düşmənlərdən qorumalı olan öz ordun özünə qarşı bu qədər amansız ola bilər?

Kimin ağlına gələrdi? Lakin Xalq Cəbhəsinin idarə heyətində və isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai münaqişələrin siyasi
danışıqlar yolu ilə, demokratik əsaslar üzərində həllinə çalışıb. Azərbaycan SSR Ali Sovetinin son sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa başladılar. "Başqasına quyu qazan...". Buna görə də, cəbhənin bəzi radikal ovqatlı nümayəndələri ilə "danışıqlar" başlandı. Müdafiə Şurası və onun rayon şöbələri yaradıldı.

Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və əslində, AXC-nin iradəsinə, idarə heyətinin narazılığına etinasızlıq göstərdi. Həmin anlarda, təəssüf ki, biz də qətiyyətsizlik göstərmişik. Yarım milyonluq bir mitinqdə milli səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı... Hamısı da rəhbərliyin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə hazırlanmışdı və nə məqsəd güdürdü?!

Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya ilə bütün xalqa çatdırılırdı? Nəyə görə inandırılırdı ki, fövqəladə vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək?

Bir-birini tora salmaq üçün iki tərəfli oyun gedirdi. Ancaq sən saydığını say, gör Mərkəz nə sayır! Sanki dünyadan xəbərsizdilər. Bütün bu havayı söz-söhbətin, əslində, ordu üçün Bakıya çağırış olduğunu unutmuşdular...

Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdilər, yoxsa məqsəd Xalq Cəbhəsini və xalqı ləkələməkdi, ölkədəki demokratik qüvvələrə dərs verməkdi? 20 yanvar faciəsini bir həftə ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist, nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir və lənətləyirik. Onu da bilirik ki, Sumqayıt kimi Bakıda da bu hadisə çoxdan planlaşdırılırdı.
Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş yüzlərlə cinayətkar olub...

Xalq böyük bir xəyanətlə üz-üzədir. Və bu xəyanət addım-addım həyata keçirilir.... Yoxsa, kim bilmir ki, 200 min adam Ermənistandan vəhşicəsinə qovulandan sonra, bütün bakılılar sinəsini sipər etsə də, rəsmi qaçqın statusu almamış bu qədər işsiz, evsiz, ac-yalavac, qəzəbli qonağı olan şəhərdə ermənilərin arxayın yaşaması fantastikadır və ya xalqın əsəbiylə oynamaqdır... Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz cür tələ qurulur. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir. Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan imkanlardan keçsə da, sonu məlumdur, sonu bizim arzularımızdır. Lakin arzulara yetmək üçün hələ çox
durulmalı, ümumi mədəni səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ çox düşünməliyik.

* * *
Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: görəsən bütün bu səhvlər olmasaydı, ordunun Bakıya girməməsinə təminat olacaqdımı?
Ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birinə düz gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə etimadsızlıq, "istefa" tələbi narahatlıq doğururdusa—bu tələbi Moskvadan başlamış, ölkənin hər yerində eşidirik.

Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda gərək fövqəladə vəziyyət on illər boyu xəlvət silahlanan tərəfdə, hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə edilən tərəfdə yox. Kiminsə ağzından "islam respublikası" sözünün çıxması bəhanə olubsa, onda gərək "xristian monarxizmi" tərəfdarlarının yaşadığı Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı. Bu bəhanələrin heç biri 19—20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya çıxır ki, bizim
rəftarımızdan asılı olmadan ordu şəhərə girməliymiş. "Azərbaycanlılara dərs vermək" planının kökləri çox dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti, daxili qoşun hissələrinin müşahidəçi mövqe tutması... hamısı bir zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının ətrafında bu tor çoxdan və məharətlə hörülür.

Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə münasibəti iki sözlə belə ifadə olunub: "tatarlar qəzəblənir". Bizə elə gəlirdi ki, bu tatar sözü keçən əsrdə qalıb, çarizm yıxılanda bu sözlə də
vidalaşmışıq... Köhnə söz yaşayırsa, bəlkə köhnə münasibət də yaşayır?
Təkcə bu bir kəlmə indiki demokratiyanın üzünü və astarını aydın göstərir. "Birinə qazan, başqasına çay qaşığı...".

Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl qoyan olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı SSRİ Ali Soveti tərəfindən qulaqardına verilir? Bu saymazlığın arxasında hansı acı
həqiqət dayanır? Bəlkə ordunun Bakıya gəlişinin səbəbini elə həmin o acı həqiqətdə axtarmaq lazımdı?

Nəhayət, bir-iki kəlmə da milli heysiyyət, özünə və öz xalqına hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət götürüləndən sonra
şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar bilmirlərmi ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb. Sakitlik istəyiriksə fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və dünyanın müxtəlif
yerlərindən, Mərkəzdən üfürülüb közərdilir.

* * *
Şəhidlər xiyabanında bir həqiqəti də gördüm.

Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə adamlardır.
And yerimiz—onlardır.
And yerimiz—xalqdır!

Sabir Rüstəmxanlı
―Azərbaycan‖.- 1990.- 24 fevral.- S.1.