Çevik Polis Alayı Ramil Usubova hesabat verdi

Yanvarın 18-də Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsini açan nazir R.Usubov bildirib ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurub.

Müşavirədə qeyd olunub ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 528 nəfərin, o cümlədən oğurluğa görə 133, xuliqanlığa görə 126, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 129, dələduzluğa görə 16, digər cinayətlərə görə 27, habelə axtarışda olan 78 şəxsin tutulmasında iştirak edib.

Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 26052 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunmuşdur. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 11,7 faiz çox olub.

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov son illər Alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb.

Çıxışının sonunda Ramil Usubov əmin olduğunu bildirib ki, Alayın əməkdaşları 2014-cü ildə də üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirəcək, xidmətdə, həmçinin şəxsi həyatda başqalarına nümunə olacaq, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.

AzNews.az