22:41
(077) 610-22-33

Rejissor: “İnsanların həyatında problem vacibdir“- Müsahibə

  • >
481 20 Yanvar 2014 18:24 | Cəmiyyət

Eltən Qədimbəyli 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univerisiteti Teatr-Kino fakültəsi rejissorluq ixtisası üzrə bakalavr, 2009 ildə isə K.Karoqo adına Kiyev Dövlət Kino, Televiziya və Teatr Univerisitetində magistraturanı bitirərək, televiziya rejissoru diplomunu qazanıb. Hazırda bu Universitetdə aspiranturanın 3-cü kursunda təhsil almağa davam edir. "Regional Televizyaların Proqram Prinsipləri" mövzusunda elmi iş üzərində işləyir. Onunla müsahibəni axar.az-a istinadən təqdim edirik.

- Eltən bəy, uğur yolunuz haradan başladı?


- İşimə dövlət televiziyasında rejissor asisstenti olaraq başladım. Sonra "Xalq yaradıcılığı" redaksiyasında fəaliyyətimi davam etdirdim. Orda iki ilə yaxın işlədim, sonra məni "Gənclik" redaksiyasına rejissor təyin etdilər. Bu ikinci mərhələ idi. Artıq rejissor kimi başlamışdım fəaliyyətə və ilk müəllif verilişim "Zirvə"nin çəkilişlərinə başladım.

"Zirvə" verilişi o vaxt yeniyetmə və gənclərə peşə seçimlərinə kömək etmək üçün hazırlanan maarifləndirici bir veriliş idi. Mən əsasən ekstremal peşə sahələri ilə maraqlanırdım və alpinizimdən başladım.

İlk çəkilişimin mövzusu alpinistlər oldu. Alpinistlərdən sonra mən mühafizəçilər, aşpazlar, boksçular, dənizçilər, qaydasız döyüşlə məşğul olan insanlar və bir necə peşələri tanıdan verilişlər çəkdim. Verilişlərdə qəhrəmanlarımdan müsahibələr də alırdım. Bu verilişlər dövlət televiziyasında yayımlandı.

- Həyatda ən böyük uğurunuz nə olub?


- Ən böyük uğurum hələ olmayıb. Çünki hesab edirəm ki, böyük uğuru qazanmağın üzərində indi işləyirəm. Çünki hər qazandığımız uğurdan sonra "ondan daha yaxşısı var həmişə" deyə düşünürəm. Mütləq maksimum yoxdur.

Çünki "ən"lər heç vaxt bitmir. Həmişə ən yaxşısını etmək bizim həyat fəlsəfəmizin bir parçasıdır.

- Eltən bəy, öz həyatınızı filmə çəksəydiniz adını necə qoyardınız?


- Səmimi olaraq deyirəm, həyatımı filmə çəkmək istəməzdim, çünki mənim həyatımdan daha maraqlı həyatlar var. Amma məni sevənlərə nəsə bir yadigar, əmanət saxlamaq istərdim. Yəqin ki, acı təcrübələrimi canlandırardım filmdə...

Həyatımda etdiyim kiçiyindən tutmuş ən böyüyünə qədər bütün səhvlərimi filmdə verərdim ki, o filmi izləyənlər nəticə çıxarsınlar. Hər bir insan səhvlərini həmişə yadında saxlamalıdır, acı çəkmək üçün yox, nəticə çıxararaq bir daha təkrar etməmək üçün...

- Yəqin ki, bütün insanlar kimi ruh düşkünlüyü yaşadığınız anlar olub. Belə vəziyyətlərdən necə çıxmısınız?


- Əlbəttə, hər adam kimi mənim də ruh düşkünlüyü yaşadığım anlar olub, Amma mənim düşüncəmə görə, hər insanın psixoloji dayaq nöqtələri var. Bu psixoloji dayaq nöqtələri insanın həyatında qazandığı uğurlardır, onun kiməsə etdiyi yaxşılıqlar, sevdiyi və ona inanan, güvənən, eyni zamanda onun inandığı və güvəndiyi insanlardır.

Ruhdan düşəndə vaxt ilə düşdüyüm daha çətin vəziyyətləri və onlardan çıxdığım anları gözümün qabağında canlandırıram... Daha çətin günlərim olub və onun öhdəsindən gəlmişəmsə, bunun da öhdəsindən gələ bilərəm deyə düşünürəm.

Nə olursa-olsun, nə qədər kritik vəziyyət olursa-olsun, heç vaxt ruh düşkünlüyü o vəziyyətdən çıxmağa kömək etmir. Amma etiraf etməliyik ki, bəzən o halda olmağın da müsbət tərəfləri var. O anda sahib olduğun şeyləri qiymətləndirirsən, onların nə qədər qiymətli olduğunu bir daha dərk edirsən.

Əslində çətin vəziyyət, problem yaxşı şeydir. Yəni düşünün, siz o problemə pozitiv yanaşanda, onu həll etdiyinizdə gücünüz daha da artır. Hər bir problem - bir imkandır. Hər bir problemdən üzü ağ çıxdığında özünü daha güclü, daha ağıllı, daha müdrik, daha pozitiv hiss edirsən, özünü eyni zamanda ətrafındakılara isbatlayırsan. Problem insanların həyatında vacibdir, lazımdır.

- Həyatınızdakı uğurları göz önünə gətirdikdə yanınızda kimləri görürsünüz?


- Əlbəttə ki, sevdiyim insanları... Sevdiyim insanlar deyəndə başda ailəm və dostlarım gəlir. O insanlar ki, məni uğur qazansam da, qazanmasam da sevirlər. O insanlar ki, məni uğurlarım üçün deyil, mən olduğum üçün sevirlər. İnsan həyatda sevdiyi insanları xoşbəxt etmək üçün yaşayır.

Yanımda o adamları görürəm ki, arxamca yox, yanımda getmək istəyən insanlardır və düz və ya səhv olmağımdan asılı olmayaraq həmişə mənimlədirlər. Qısası, siz düz olanda hər kəs sizin yanınızdadır, əsas odur ki, siz səhv olanda yanınızda kimdir? Dünyada səhvsiz insan yoxdur. Bir sözlə, hər kəsin çətin anında qapından çıxdığı zaman qapını açıb əlini tutan sənin dostundur.

- Yaradıcılığınıza nələrisə dəyişmək və ya əlavə etmək istəyərdinizmi?


- Mən yaradıcılıq deyəndə bu məsələyə bir az geniş müstəvidə baxıram. Mənə görə yaradıcılıq, sadəcə, incəsənət sahəsi deyil. Yəni bu təkcə rəssamlıq, musiqi, heykəltəraşlıq deyil. İncəsənət sahəsindəki yaradıcılıq sahəsindən danışırıqsa, mən çox şey etmək istəyirəm.

Təəssüf ki, fəaliyyətim hələlik təkcə televiziya sahəsindədir, mətbuat sahəsində müəyyən məqalələr yazıram. Amma çox istərdim ki, çox yaxşı bir rəsm əsəri çəkim, yaxşı bir tamaşa hazırlayım, bədii film çəkim, gözəl bir geyim dizaynını verim, özümə məxsus müəyyən aksesuarlar dizayn edim. Yəni incəsənətin bütün sahələrində özümü sınamaq istərdim.

Hətta belə mahnı yazmaq, mahnı oxumaq istərdim. Yəni bunlar planlarda var. Əslində bütün insanların daxilində yaradıcılıq, bildiyi və ya daha üzə çıxara bilmədiyi istedad var, bütün insanlar mahnı yaza bilər, müəyyən ixtiralar edə bilər, kitab yaza bilər, rəsm çəkə bilərlər.

Mən hesab etmirəm ki, bunun üçün xüsusi istedad lazımdır. Sadəcə, bəzi insanların yaşadıqları hadisələr və ətrafında olan insanlar qabiliyyətlərin yerləşdiyi beyindəki qabiliyyətləri açmağa müvəffəq olurlar, bəziləri isə yox. Baxmayaraq ki, mənim əsas işim rejissorluqdur, mən istərdim ki, incəsənətin bütün sahələrində özümü sınayım.

- Hansı musiqiləri dinləyirsiniz və musiqi sizə nə verir?


- Musiqi Allahların dilidir. Mənə görə musiqi bu dünyada insanları hansı dildə olmasından aslı olmayaraq, hər kəsin paylaşa biləcəyi və bir-birini başa düşə biləcəyi bir dildir. Musiqi yeganə dildir ki, bütün insanlar bu dildə bir-birini çətinlik çəkmədən başa düşür.

Bir peşəkar olaraq özümə icazə vermirəm ki, hansısa bir musiqi janrını dinləməyim. Muğamdan tutmuş caza, roka kimi bütün musiqi janrlarını dinləyirəm. Yemək və musiqi ilə aram yaxşı olduğundan onlarda ayrı-seçkilik etməyi xoşlamıram. Hər şeyi dinləyir, hər şeyi yeyirəm.

- Eltən bəy, ən çox nəyin xəyalını qurmusunuz?


- Çox şeyi xəyal etmişəm, eyni zamanda, indiyə kimi qurduğum xəyalların bir çoxunu həyatda gerçəkləşdirmək üçün Allah mənə şans verib. Əslində, xəyal deyə bir şey yoxdur. İnsan normal düşüncəyə malikdirsə, reallaşdıra biləcək xəyalları qurmalıdır və onları reallaşdırmalıdır.

Xəyal bizim irəliyə və gələcəyə doğru planlarımızdır. Amma iddiası özündən böyük olan insanlar var, elə xəyallar qururlar ki, onları heç cürə gerçəkləşdirə bilmirlər. İndi də bir çox xəyallarım var, çalışıram ki, onları reallaşdırım.

- Özünüzü 5 il sonra necə təsəvvür edirsiniz?


- Çox yaxşı… Səhvlərindən daha çox nəticə çıxarmış, daha çox təcrübə əldə etmiş, dost qazanmış, kitab oxumuş, özünü yetişdirmiş, maraqlı informasiyaları beyninə yerləşdirmiş adam kimi görürəm.

- Hansı əsərin qəhrəmanı sizə daha yaxındır?


- Mənə elə gəlir ki, hər bir insan öz əsərini özü yazır. İnsan həyata başlayanda ona bir ağ vərəq və qələm verirlər. Ağ vərəq onun həyatıdır, qələm də özü… Onun özü orada nə yazırsa odur.

- Əsas hədəfiniz?


- Hədəflərim çoxdur. Azərbaycanı dünyada təmsil etməkdir fikrim... Vətənimizin dünyadan intellektual, elmi, hər hansı ixtira sahəsində geridə qalmasını istəmirəm. İstəyirəm biz də dünyaya hansısa ideyalar verək.

Əminəm ki, Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən daha çox ən böyük sərvəti insanlarıdır, insan kapitalıdır. Ən böyük məqsədim Azərbaycanda ideya bankını yaratmaq və azərbaycanlıların dünyaya verə biləcəyi ideyaların tapılmasına əmək vermək və bu ideyaların ortaya çıxıb beynəlxalq müstəvidə işıq üzü görməsinə nail olmaqdır.

- Daha çox gənclərlə işləmisiniz, bu günün gənclərini necə görürsünüz?


- Əslində, bu günün və dünənin gəncləri yoxdur. Gənc həmişə gəncdir. O nəticədə yaşadığı cəmiyyətin gəncidir. Mən indi burada oturub ağsaqqallar kimi "bizim vaxtımızda belə deyildi" demək istəmirəm. Sizə bir maraqlı misal deyim, 1916-cı ildə Avstryanın Vyana şəhərində çar Karl Frans Jozef öz həyat yoldaşı ilə xalqın içində keçib gedir. Həyat yoldaşı çarşab geyinir.

Çox qəribə bir faktdır. Soruşa bilərsiniz niyə? O vaxtı dünyanın ən qüdrətli və ən güclü dövlətlərindən biri Osmanlı İmperiyası idi. Osmanlının imperatoru həmişə xanımlarını məhz bu cür geyindirirdi. Avstriya kralı da ona oxşamaq üçün öz həyat yoldaşını qapalı geyindirirdi. Nəyi demək istəyirəm. Bu gün Avropa bizdən mədəni cəhətdən deyil, maddi cəhətdən, insanların yaşam tərzinin daha yuxarı olmasına görə üstündür.

Buna görə də bizim gənclərimiz özlərini amerikalılara və avropalılara daha çox oxşadırlar. Hesab edirlər ki, onlar bizdən daha ağıllıdırlar. Hər bir insan maddi olaraq daha yaxşı yaşayan insanı daha ağıllı və daha mədəni hesab edir. Busa absurddur. Bu gün Azərbaycana nifrət edən gənclər var. Soruşsan niyə? Kimsə bizdən daha yaxşı yaşayır deyə, öz mentalitetinə, soykökünə nifrət etmək olmaz.

Biz özümüzü sevməsək, uğur qazana bilmərik. İnsan özünü sevməli, zəif cəhətlərini etiraf etməlidir. Düşünün, özünə hörmət etməyən insana başqası necə hörmət edə bilər ki? İnsan özünə qiymət verdiyi zaman güclü olur, pul qazana bilir, həyata möhkəm yapışır və s.

AzNews.az
Bağla X