18:38
(077) 610-22-33

Nəqliyyat kartları üçün prosessinq mərkəzi yaradılıb

  • >
647 21 Yanvar 2014 08:00 | Cəmiyyət

Bakının ictimai nəqliyyatında kart ödəniş sisteminin işi bu məqsədlər üçün xüsusi olaraq yaradılmış "Bank of Azerbaijan" (emitent bank) prosessinq mərkəzi tərəfindən idarə edilir. Bunu Trend-ə bankdan deyiblər.

"Bankın "MasterCard" platformasında olan bütün kartları, o cümlədən nəqliyyat kartlarına "Bank of Azerbaijan"ın təqribən 1 ildir yaradılmış prosessinq mərkəzi tərəfindən xidmət göstərilir. Bankın buraxdığı "Visa" kartlarına hazırda "Azericard"da (Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətindədir) xidmət göstərilir".

Bank nümayəndəsinin sözlərinə görə, gələcəkdə kartların miqrasiyası tam yekunlaşacaq. Bununla belə, o, konkret tarixi açıqlamayıb.

İctimai nəqliyyatda plastik gediş haqqı kartları Bakıda yanvarın 13-dən satışa çıxarılıb. Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 30-dan artıq marşrut xətti üzrə hərəkət edən avtobusda tətbiq olunacaq.

Hesablama qurğusu - validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq.

Kartı əldə etmək, həmçinin balansı doldurmaq üçün şəhərdəki köşklərə, "Bank of Azerbaijan"ın filiallarına, "Topaz" satış nöqtələrinə, xüsusi loqotiplə işarələnmiş ticarət obyektlərinə müraciət etmək olar.
Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür.

Kartın itirilməsi və ya zərər görməsi zamanı onu emitent bankın filiallarının birində əvəzləmək olar.

Bankdan qeyd ediblər ki, kartı əvəz etmək üçün filiallardan birinə müraciət etmək və şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır: "Kartı və sığorta depozitini geri almaq üçün də sənədləri təqdim etmək şərti ilə filiallardan birinə yaxınlaşmaq tələb olunur".

Nəqliyyat kartı "MasterCard PayPass" təmassız çip debet kartları əsasında hazırlanıb.
Emitent bankdan deyiblər ki, artıq 450 min kart hazırlanıb və daha 1 milyonu sifariş edilib:

"Kart adsız olduğuna görə, oğurluq və ya itirilmə zamanı onun balansını bərpa etmək mümkün deyil.

Zədələnmiş kartı bərpa edilmiş balansla birlikdə yenisi ilə əvəz etmək mümkündür".
Bankdan qeyd ediblər ki, funksional kart hazırda məhduddur, lakin gələcəkdə bir sıra əhəmiyyətli yeniliklər planlaşdırılır:

"Sistemin gələcək inkişaf mərhələlərində nəzərdə tutulur ki, kart tam dəyərli ödəniş alətinə çevrilsin. Müştəri özündə olan kartı "Bank of Azerbaijan"ın zəruri texnologiya ilə təchiz edilmiş adlı debet kartları ilə əvəz edə bilər. Həmin kartla nəinki gediş haqqını, o cümlədən müxtəlif alış-veriş və xidmətləri ödəmək olar".

Bundan başqa, kart satışı və balansın doldurulması alətləri şəbəkəsini genişləndirmək planlaşdırılır. Bankdan deyiblər ki, gələcəkdə nəqliyyat kartlarını iri ticarət şəbəkələrində və ayrı-ayrı tərəfdaş ticarət obyektlərində əldə etmək mümkün olacaq: "Bundan əlavə, internet vasitəsilə kartın balansının doldurulması imkanı həyata keçiriləcək".

"PayPass" platformasının müasir mobil qurğularında istifadə edilən NFC texnologiyası ilə uyğun gəlməsi sayəsində nəqliyyatda gediş haqqının və bilavasitə mobil telefon və ya planşetdən xidmətlərin ödənilməsi mümkün olacaq. Qurğudakı xüsusi proqrama plastik kartın məlumatlarını daxil etməklə istifadəçi kartın özü olmadan ödənişi həyata keçirə bilər.

Təmassız texnologiyalar və adsız nəqliyyat kartlarının istifadə edilməsi müəyyən məhdudiyyətlərin qoyulması zərurəti yaratdı.

Bankdan verilən məlumata əsasən, belə kart üzrə ödəniş etmək üçün PIN kod daxil etmək və ya imza atmaq (elektron imza) lazım deyil: "Buna görə də ödənişlərin və müşrtərilərin vəsaitlərinin təhlükəsizliyi baxımından bütün ölkələrdə tranzaksiya həcmi və vəsaitlərin daxil və xaric edilməsi üzrə müxtəlif məhdudlaşdırıcı tədbirlər görülür. Bunlar Azərbaycanda da mövcuddur: kartın balansına gündə 20 manatdan artıq məbləğ yükləmək olar. Bundan başqa, 1 tranzaksiyaya limit qoyulub və 30 manatı ötə bilməz".

Bankdan həmçinin bildiriblər ki, gələcəkdə bu məhdudiyyətlərə yenidən baxılması istisna edilmir.

AzNews.az
Bağla X