Heydər Əsədov Almaniyaya getdi

Kənd təsərrüfatı naziri Heydər Əsədov Berlin şəhərində keçirilən ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq "Yaşıl Həftə" sərgisində iştirak etmək məqsədilə Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirlərinin 6-ci Berlin Sammitində iştirak edib.

Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, sammit zamanı planetimizdə əhalinin durmadan artması və ərzaq məhsullarına olan tələbatın çoxalması kontekstində məhdud ehtiyatlardan səmərəli istifadə etməklə qlobal, regional və milli səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların təhlükəsiz və keyfiyyətli ərzaq əldə etmək imkanlarının təmin edilməsi məqsədilə birgə səylərin artırılması məsələləri müzakirə olunub.

Sammitin sonunda qəbul edilmiş Yekun Bəyannamədə bu çağırışlara səmərəli cavab vermək üçün bitki sortlarından və heyvan cinslərindən davamlı və səmərəli istifadənin təşviq edilməsi, kənd təsərrüfatı üzrə genetik ehtiyatlardan istifadə üzrə qlobal səylərin artırılması, tədqiqat işlərinə və bilik mübadiləsinə dəstəyin artırılması, xidmətlərə, texnologiyalara və kapitala çıxışın təmin edilməsi, kənd təsərrüfatı sahəsinə sərmayə qoyuluşunun artırılması və digər məsələlər öz əksini tapıb.

AzNews.az