23:17
(077) 610-22-33

Hərbi Prokurorluq iddialara cavab verib

  • >
520 21 Yanvar 2014 19:52 | Cəmiyyət

Azərbaycan Respublikası Hərbi Prokurorluğu son günlər sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda hərbi qulluqçuların bəzilərinin intihar səbəblərinin açıqlanmaması barədə iddiaların həqiqətə uyğun olmadığını bəyan edir.

APA-nın məıumatına görə, Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir: "Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə özünü öldürmə, qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət alma və ya qəsdən adam öldürmə, habelə xəstəliklə bağlı, avtoqəza nəticəsində və ya digər səbəblərdən baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır, tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.

Hərbi qulluqçuların intiharı və onların ölümü ilə bağlı nəticələnmiş digər hadisələr barədə kütləvi informasiya vasitələrinə lazımi məlumatlar verilmiş, lakin bir sıra hallarda intiharın səbəblərinin geniş şəkildə ictimaiyyətə açıqlanmaması istintaq sirri, bəzən isə ailə və şəxsi sirrlərin qorunması ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə hüquq-mühafizə orqanlarının üzərinə qoyulmuş vəzifənin icrası ilə əlaqədar olmuşdur. İntihar etmiş hərbi qulluqçuların ailə üzvlərinə, qanuni nümayyəndələrinə intiharla bağlı istintaqın gəldiyi nəticə barədə tam və dolğun məlumat verilmiş, istintaqı tamamlanmış cinayət işləri üzrə həmin şəxslərə iş materialları ilə tanış olmaq və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirtmək üçün şərait yaradılmış və mahiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərilmiş cinayət işləri üzrə açıq məhkəmə iclasları keçirilərək müvafiq məhkəmə qərarları qəbul olunmuşdur.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidməti ötən ildə baş vermiş intihar hadisələrinin səbəbləri barədə ictimaiyyətin məlumatlandırılmaması məsələsinin kütləvi informasiya vasitələrində yenidən gündəmə gətirilməsinin cəmiyyətdə çaşqınlıq yaratmaq, ordu barədə mənfi və əsassız fikirlərin formalaşması məqsədlərinə xidmət etdiyini, müstəqil ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilmiş işlərə kölgə saldığını təəssüflə qeyd etməklə bu cür fikirlərin sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmasını yolverilməz hesab edir".



AzNews.az
Bağla X