4 növdə epidemiya təhlükəsi artmaqdadır

Aqil Qeybulla: "Qripin bu növü çox təhlükəlidir"

Ölkədə tüğyan edən qrip virusu ilə yanaşı skarlatina, qızılca, su çiçəyi və H2N3 qrip virusu yayılıb.


Artıq orta məktəblərdə şagirdlərin kütləvi davamiyyətsizliyi müşahidə olunur.

Xəstəlik təkcə azyaşlılar arasında deyil, bütün yaş qruplarında özünü göstərir.

8 saylı xəstəxananın baş həkimi Tamilla Kərimova İnterpress.az-a verdiyi açıqlamada bildirdi ki, bu infeksiyalar ritmik olaraq baş qaldırır. Bu, bütün dünyada belədir: "Mütləq bu infeksiyalara tutulan hər bir şəxs həkimə müraciət etməlidir. Lazımı müalicə kursu keçməlidir".

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Bakı Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ilə gün ərzində telefon bağlantısı yaratmağa çalışsaq da bu alınmadı.

Tibbi ekspert Aqil Qeybulla isə saytımıza verdiyi açıqlamada ölkədəki epidemiyanın çox təhlükəli olduğunu vurğuladı: "İndi Azərbaycanda yayılan qripin H2N3 virusu olması haqqında mətbuata artıq məlumat sızıb. Lakin bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ ki, raport verməyib. Bütün hallarda qripə yoluxanlar çoxlu maye qəbul etməlidir və havaya çıxmamalıdır, sağalana qədər yataqda qalmalıdır. Hazırda ölkəmizdə yayılan qripin bu növü çox təhlükəlidir".

Qeyd edək ki, hazırda ölkəmizdə qriplə yanaşı geniş yayılan skarlatina virusu titrətmə, intoksikasiya, angina və kütləvi nöqtəvari səpkilərlə xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Daha çox 2-10 yaşlı uşaqlar xəstələnirlər.

Skarlatinanın törədicisi A qrup streptokoklardır ki, bunlar da böyrəklərin zədələnməsi, angina, xroniki tonzilit, revmatizm və digər xəstəliklər yaradır.

Xəstənin ağzına baxdıqda tünd – qırmızı selikli qişa, irinli ərp olan damaq badamcıqları və moruğu sormacları böyümüş dil görmək mümkündür.

Üzdə yalnız yanaqlarda səpki olur, eyni zamanda ağız-burun üçbucağında səpki qeydə alınmasa da rəngi solğun olur, bu da skarlatinanın xarakterik əlamətidir.3-5 gündən sonra dəri solğunlaşır, səpgilər gedir və dəri soyulmağa başlayır.

Qızılca isə kəskin yoluxucu virus xəstəliyidir. Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, lakin çox vaxt 1-5 yaş arası uşaqlar yoluxmurlar.
Virus orqanizmə hava-damcı yolu ilə keçir, yuxarı tənəffüs yollarının katarı, ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı burun-udlaqdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə ilk 3 gün və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4-cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir.

Su çiçəyi də geniş yayıldığından xatırladaq ki, bu virus mənşəli infeksion xəstəliklərdən olub, "varisella zoster" adlı viruslar tərəfindən törədilən, özünü qaşıntı verən səpkilər, yüksək temperatur və baş ağrıları, bəzən öskürək ilə müşaiyət olunan bir xəstəlikdir.(İnterpress.az)